AFFA “Neftçi” klubunu yenə cəzalandırıb

AFFA “Neftçi” klubunu yenə cəzalandırıb
# 01 may 2012 11:45 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXX turunun oyunlarında baş verənləri müzakirə edən qurum daha çox “Neftçi” – “Qarabağ” görüşündəki olaylara vaxt ayırıb.
75-ci dəqiqədə “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub. Hər dəfə oyunun 75-ci dəqiqəsində klubun 75 illiyini qeyd edən “ağ-qara” azarkeşlər artıq “Neftçi” rəhbərliyi üçün ənənəvi xərc mənbəyinə çevrilib.
90-cı dəqiqədə “Qarabağ”ın futbolçusu Maksim Medvedev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və komandasını 200 manat ziyana salıb. Qarşılaşma başa çatdıqdan sonra “Neftçi” matçın videoyazısını təqdim etmədiyi üçün 1000 manat ödəməli olacaq.
“Turan” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində qonaqların məşqçisi Etibar Tanrıverdiyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və autsayderi 1000 manat xərcə salıb.
“Rəvan” – “Kəpəz” görüşünün 60-cı dəqiqəsində qonaqların legioneri Eslam Mesallah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanmaqla yanaşı klubunu 200 manat cəriməyə məruz qoyub.
“İnter” – “Xəzər Lənkəran” oyununun 42-ci dəqiqəsində qonaq azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu və 62-ci dəqiqədə meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR