Yaxın bir ildə Azərbaycanın 12 rayonu yeni su və kanalizasiya sistemi ilə təchiz olunacaq

Yaxın bir ildə Azərbaycanın 12 rayonu yeni su və kanalizasiya sistemi ilə təchiz olunacaq
# 05 mart 2012 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) tərəfindən maliyyələşdirilən layihələr hesabına 2013-cü ilədək Azərbaycanın 12 rayonu tamamilə yeni su və kanalizasiya sistemi ilə təchiz olunacaq. Bu barədə «APA-Economics»ə DB-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, DB Bakıda su təchizatı xidmətlərinin keyfiyyətini yüksəltmək üçün investisiyaları dəstəkləyib ki, bura suyun təmizlənməsi üzrə qurğuların bərpa olunması və bu xidmətdən yararlanma səviyyəsinin artırılması üçün su itkilərinin 50%-dən artıq azaldılması daxildir.

«DB-nın dəstəklədiyi Azərbaycanda Kənd İnvestisiyaları Layihəsi (AzKİL) çərçivəsində maliyyələşdirilən investisiyalar nəticəsində ölkədə 180 min insan daha təmiz içməli sudan istifadə edə bilir. DB hazırda Azərbaycanın kiçik şəhərlərində və rayon mərkəzlərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üçün iki böyük layihəni maliyyələşdirir. Bu layihələr sayəsində 2013-cü ilədək ölkənin 12 rayonu tamamilə yeni su və kanalizasiya sisteminə malik olacaq», - deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, sözügedən rayonlar sırasına Qəbələ, Şamaxı, Saatlı, Sabirabad, Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR