Ötən ay Azərbaycandan 1891 əcnəbi çıxarılıb

Ötən ay Azərbaycandan 1891 əcnəbi çıxarılıb
# 06 sentyabr 2012 12:00 (UTC +04:00)
DMX-dən APA-ya verilən məlumata görə, işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılmışdır. Keçirilmiş tədbirlər nəticəsində mövcud qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmiş, bir sıra sahibkarlıq subyektləri və əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.
Belə ki, avqust ayı ərzində 2.159 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 268 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1.724 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 167 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4.870 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.

Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində DMX tərəfindən müvafiq tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR