Daxili İşlər Nazirliyi üzərində narkotik tapılan Bakı şəhər sakininin həbsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi üzərində narkotik tapılan Bakı şəhər sakininin həbsinə münasibət bildirib
# 14 may 2012 12:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Bakı şəhər sakini İlqar Rzayevin həbsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, İ. Rzayevin həbsi ilə bağlı təqsirləndirilən şəxsin anası, Şirinbacı Rzayevanın mətbuata verdiyi açıqlamalar yalan və böhtan xarakterli məlumatlardır. İ. Rzayevin həbsi sırf əməliyyat məlumatı əsasında gerçəkləşib: “Belə ki Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin əməkdaşları əməliyyat axtarış tədbirləri həyata keçiriblər. Daxil olan əməliyyat məlumatı əsasında Bakı şəhər sakini İlqar Rzayev paytaxtın Nərimanov rayonu ərazisində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 0,425 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq 5 nəfərdən ibarət əməliyyat qrupu İlqarın anası ilə birlikdə yaşadığı Binəqədi rayonundakı evə də baxış keçiriblər. Hal şahidlərinin iştirakı ilə aparılan əməliyyat zamanı İlqarın anası Şirinbacı Rzayeva evdəki pəncərənin üstündəki əşyaların arasından iki bükümdə narkotik vasitəni özü şəxsən əməliyyat qrupuna təqdim edib. Həmin bükümdə 0,528 qram çəkidə heroin olub”.

E. Zahidov qeyd edib ki, faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə İ. Rzayev barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şirinbacı Rzayeva mətbuata açıqlamasında oğlunun həbsinin sifarişli olduğunu açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR