Avropa aeroportlarının reytinqi tərtib olunub

Avropa aeroportlarının reytinqi tərtib olunub
# 25 avqust 2012 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Skyscanner» portalının istifadəçiləri Avropa hava limanlarının fəaliyyətini qiymətləndirib.

«APA-Economics»in məlumatına görə, sorğu nəticəsində məlum olub ki, Avropanın ən «kobud» aeroportu Fransa paytaxtında yerləşən və ildə 60 mln. sərnişinə xidmət göstərən Şarl de Qol hava limanı olub. Eyni zamanda, «kobud» aeroportlar siyahısında Moskva (Rusiya), İstanbul (Türkiyə) və Madridin (İspaniya) hava limanları da yer alıb.

Ən «xeyirxah» hava limanı isə Kopenhagen (Danimarka) aeroportu seçilib. Bundan başqa, bu siyahıda Amsterdam (Niderland), Stokholm (İsveç), Barselona (İspaniya) və Frankfurt (Almaniya) aeroportları da yer alıb.

Bununla yanaşı, Böyük Britaniya paytaxtının 5 aeroportundan 4-ü, o cümlədən Hitrou aeroportu, «kobud» hava limanları siyahısına düşüb. Londonun ən «kobud» aeroportu Luton seçilib. Böyük Britaniyanın ən «xeyirxah» aeroportu isə Edinburq hava limanı olub. Bundan başqa, bu ada Şimali İrlandiyanın «Belfast International» və «Belfast City» aeroportları da layiq görülüb.

Qeyd edək ki, analoji sorğu ayrıca olaraq İtaliya hava limanları üçün də keçirilib. Nəticədə, Romanın Fyumiçino aeroportu ən «kobud» hava limanı seçilib. Bu siyahıda ikinci yerdə Romanın Çampino, üçüncü yerdə isə Milanın Malpensa aeroportları qərarlaşıb. Onların ardınca Palermonun Falkone və Barsellino hava limanı və Florensiya aeroportu yer alıb. İtaliyanın ən «xeyirxah» hava limanı adına Venesiya aeroportu, daha sonra isə Bolonya, Turin, Brindizi və Trevizo aeroportları layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR