Cəmil Quliyev kinoşünas Aygün Aslan və kinorejissor Rövşən Almuradlının bu quruma qarşı səsləndirdiyi ittihamlara cavab verib

Cəmil Quliyev kinoşünas Aygün Aslan və kinorejissor Rövşən Almuradlının bu quruma qarşı səsləndirdiyi ittihamlara cavab verib
# 27 iyul 2012 11:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev “Azadlıq” radiosunda kinoşünas Aygün Aslan və kinorejissor Rövşən Almuradlının bu quruma qarşı səsləndirdiyi ittihamlara cavab verib.

APA-nın məlumatına görə, C. Quliyev bu çıxışların onda təəssüf və təbəssüm hiss oyatdığını deyib: “Mən dünən “Azadlıq” radiosunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına qarşı irəli sürülən ittihamları diqqətlə dinlədim. Əvvəla çıxışlar məndə təəssüf və təbəssüm hissi oyatdı. Təəssüf hissi oyatdı ki, məni suçlayan dörd il dərs dediyim keçmiş tələbəm Aygün Aslan və vaxtı ilə mənə dost deyən rejissor Rövşən Almuradlıdır. İlk növbədə keçmiş tələbəm Aygün Aslana cavab vermək istəyirəm. Birincisi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı iki ay bundan qabaq yox, əksinə 2012-ci il iyunun 29-da dövlət qeydiyyatından keçib. Gördüyünüz kimi, Aygün xanım yeni təşkilatın yaranmasının bir ayı da hələ tamam olmayıb, oxucularda yanlış fikir yaratmağa çalışmayın, 25 gün ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təşkilati məsələlərlə məşğul olub, öz strukturunu formalaşdırıb və Milli Kino Gününə hazırlıq işləri aparıb. Bizim fəaliyyətimiz barədə mətbuatda kifayət qədər məlumat var. Aygün xanım, siz 25 gün ərzində bizim fəaliyyətsizliyimizi nə tez gördünüz, amma 40 il ərzində Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətsizliyini görmək istəmirsiniz!? Siz körpə olanda mən artıq həmin ittifaqın fəal üzvlərindən biri idim və siz körpə olarkən haradan bildiniz ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında nələr baş verib!? Bu çox gülməlidir! Siz deyirsiniz ki, yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı niyə dövlətdən kömək istəyir? Bəs sizin hazırda hazırladığınız “Fokus” jurnalı dövlət hesabına çıxmırmı?! Siz ADMİU-nu bitirəndən sonra dövlətin nəşr etdiyi “Kino+” qəzetində işləmirdinizmi?! Bəlkə dövlətin hesabına təhsil aldığınızı da unutdunuz?! Nə tez dövlətin sizə etdiklərini unudursunuz!”

Cəmil Quliyev kinorejissor Rövşən Almuradlının “Azadlıq” radiosundakı çıxışınızda dostluqdan, əqidədən, mənəviyyatdan danışdığını deyib: “Lakin çıxışınızın əvvəlində bizi təhqir edib gəmini tərk edən siçovul adlandırdınız. Belə ifadələr söyləmək ziyalıya yaraşmaz! Mənim sizə bir sualım var: Əgər Rüstəm İbrahimbəyovu siz belə yaxşı tanıyırsınız və sevirsinizsə, onda niyə 5 il əvvəl kino məktəbi ilə bağlı “probleminiz” yarananda mənə müraciət etdiniz və mən dostcasına sizə kömək etdim. Niyə bu illər ərzində dəstəklədiyiniz Rüstəm İbrahimbəyov sizi fəxri adlara təqdim etmədi? Siz illər boyu dövlətin ayırdığı vəsait hesabına filmlər çəkib, tamaşalar hazırlamısınız. Amma indi isə dövləti bəyənmirsiniz, onun əleyhinə danışırsınız.”

Cəmil Quliyev bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı üzvlərinin qurumu tərk etməsi prosesi davam edəcək: “Çünki ittifaq bu insanlara qarşı illər boyu diqqətsiz olub, hətta onların bəzilərini ad günlərində də təbrik etməyib. Bu təşkilatda insanlar doğma və ögeylərə bölünüb, ittifaqın rəhbərliyinə yaxın insanlar üçün bütün imkanlar yaradılıb. Bunu siz yaxşı bilirsiniz”.

Cəmil Quliyev cavab məktubunda onu da qeyd edib ki, bu gün bəzi siyasi qüvvələr Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyətini suçlamaq üçün müəyyən insanları bu quruma qarşı səfərbər edir: “Heyfslənirəm ki, bu insanların arasında siz də varsınız. Amma bilin və agah olun ki, mən yeni yaradılmış təşkilatı hər zaman müdafiə edəcəyəm və məni öz mövqeyimdən heç kim döndərə bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR