“Sony” şirkəti son 22 ilin ən pis maliyyə proqnozunu açıqlayıb

“Sony” şirkəti son 22 ilin ən pis maliyyə proqnozunu açıqlayıb
# 10 aprel 2012 11:30 (UTC +04:00)
Bakı - APA-Economics. “Sony” şirkəti martın 31-də başa çatan 2011-2012-ci maliyyə ilinin yekunlarına əsasən 6,4 mlrd. dollar zərər proqnozlaşdırır ki, bu da 1990-cı ildən bəri ən pis göstəricidir.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı açıqlamada maliyyə proqnozuna bu dəyişiklik əlavə vergi xərcləri ilə bağlıdır.

Fevralda bu proqnoz 2,7 mlrd. dollar olub. Bununla belə, “Sony” 2012-2013-cü maliyyə ilində 2,2 mlrd. dollar gəlir proqnozlaşdırır.

Qeyd edək ki, bu günlərdə “Sony” bu ilin sonunadək 10 min əməkdaşını ixtisar edəcəyini bəyan edib. Bununla da şirkət işçi ştatını 6% azaldacaq. Bundan başqa, korporasiya Hovard Stringer başda olmaqla yeddi icraçı direktordan aldıqları bonusları geri qaytarmağı tələb edə bilər.

Xatırladaq ki, bu ilin fevral ayında “Sony”də rəhbərlik dəyişib. Əvvəllər şirkət prezidentinin icraçı müavini vəzifəsini tutmuş Kazuo Xirai yeni prezident və baş icraçı direktor təyin olunub. O, 2012-ci ilin iyun ayından “Sony”nin Direktorlar Şurasının sədri vəzifəsini daşıyacaq Hovard Stringeri əvəzləyib.

“Sony” artıq dördüncü maliyyə ilini zərərlə başa vurur. Şirkətin kapitallaşması 2005-ci ildən bəri 60% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR