Bu gün Azərbaycan paytaxtında 23-cü Crans Montana illik forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB

Bu gün Azərbaycan paytaxtında 23-cü Crans Montana illik forumunun açılış mərasimi keçirilib - <font color=red>YENİLƏNİB</font>
# 29 iyun 2012 08:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda 23-cü Crans Montana illik forumunun rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan hökumətinin dəstəyi ilə gerçəkləşən forumun açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutub.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib. Tədbiri Crans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron açıb. Dövlət başçısı İlham Əliyev Forumda nitq söyləyib.

Tədbir energetika siyasəti sahəsində dövlət və özəl idarəetmə məsələlərinə həsr olunub. Bu gün keçiriləcək plenar sessiyalarda iştirakçılar yoxsulluğa qarşı mübarizə və dövlət məsələlərində menecmentin səviyyəsinin yüksəldilməsi, Şərqi Avropanın enerji təhlükəsizliyi, nəqliyyat əlaqəsi regional strategiyasının həyata keçirilməsi, regional münaqişələrin enerji siyasətinə təsiri, enerji təhlükəsizliyi və Azərbaycana sərmayə qoyuluşu, kiber təhlükəsizlik və qloballaşma, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin problem və perspektivləri, turizm və bu sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Forumda Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Makedoniya prezidenti George İvanov, Monteneqro prezidenti Filipp Vuyanoviç, Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi Şeyx Məhəmməd bin Hamad bin Məhəməməd əl-Şərqi, bir sıra dövlətlərin hökumət başçıları və hökumət üzvləri, Rumıniyanın sabiq prezidenti İon İliesku, forumun təsisçisi və icraçı sədri Jan-Pol Karteron, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri və yüksək vəzifəli şəxslər iştirak edirlər.

Bu gün forum çərçivəsində UNESCO və İSESCO-nun əməkdaşlığı ilə xüsusi sessiyanın keçirilməsi də nəzərə tutulur. Sessiyada Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva giriş nitqi söyləyəcək.

Sabah keçiriləcək plenar sessiyalarda iştirakçılar Afrika, Cənubi Sudan problemlərini, ərəb dünyasında dəyişikliklərin beynəlxalq münasibətlərə təsirini, “Rio+20” sammitinin nəticələrini, enerji marşrutlarını, geosiyasət və milli siyasət məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Crans Montana Forumu 1986-cı ildə İsveçrənin Crans Montana şəhərində təsis olunmuş beynəlxalq təşkilatdır. Forum bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Crans Montana Forumu BMT, UNESCO, UNİDO, İSECO, Avropa Birliyi, Avropa Şurası kimi təşkilatlarla, həmçinin iri beynəlxalq qruplarla əməkdaşlıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR