Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Aprel

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Aprel
# 26 aprel 2016 18:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

“Dördgünlük müharibə” ilə son üç gündə cəbhədə baş verənlər arasında paralel apardıqda bir məqam diqqəti cəlb edir. Rusiya bu dəfə susqunluq nümayiş etdirir. Rusiya prezidentinin, baş nazirinin müdafiə və xarici işlər nazirlərinin tərəfləri israrla atəşkəsə çağırması müşahidə olunmur. Burada səbəblər müxtəlif ola bilər. Versiyalardan biri Rusiyanın Ermənistanı hansısa həll variantına məcbur etmək istəməsi, İrəvanın isə bununla razılaşmamasıdır. Əgər bu ehtimal gerçəkdirsə, o zaman güman etmək olar ki, Ermənistan bu hərbi əməliyyatlara Moskvanın razılığı olmadan rəvac verir, Kreml də nəticəni əvvəldən bildiyinə görə Ermənistanı öz taleyinin ümidinə buraxıb. Moskvanın hesablamaları belədir ki, ermənilərin burnunun ovulması onların müqavimət gücünü daha da azaldacaq və Rusiyanın təkliflərinin qəbul olunması ehtimalı artacaq. Digər bir versiya da var. Rusiya ermənilərin hücumlarla hansısa mövqeləri geri qaytara biləcəyini düşünür və bu baş verənədək gözləmə mövqeyi tutur. Unutmaq olmaz ki, “dördgünlük müharibədən” sonra Ermənistan cəmiyyətində həm hakimiyyət, həm də Rusiya əleyhinə etiraz əhval-ruhiyyəsi var. Bu səbəbdən həm Sərkisyan, həm Kreml cəbhədə durumun az da olsa ermənilərin lehinə dəyişməsində maraqlı ola bilər. Rusiyanın susqunluq nümayiş etdirməsinin ən ehtimal olunan səbəbi məhz bu görünür. Cəbhə zonasında baş verən hadisələrin təhlili isə göstərir ki, ermənilər istəyinə nail ola bilmir. Bu baxımdan proseslər iki istiqamətdə inkişaf edə bilər. Ya ermənilər cəbhə xəttində gərginliyi artırmaqda davam edəcəklər, yaxud da Kreml ermənilərin bir işə yaramadığını görüb tərəfləri yenidən atəşkəsə çağıracaq. Bu versiyanın hansının doğru olacağını yəqin ki, çox gözləmək lazım gəlməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR