İndoneziyanın Azərbaycandakı səfiri "APA Holdinq"də olub

İndoneziyanın Azərbaycandakı səfiri "APA Holdinq"də olub
# 28 iyul 2016 12:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie “APA Holding”in qonağı olub.

APA-nın xəbərinə görə, H. Fananie bildirib ki, İndoneziyanın Azərbaycandakı səfiri kimi əsas məqsədi iki ölkə arasındakı dostluq münasibətlərini inkişaf etdirmək, ikitərəfli əməkdaşlığı gücləndirməkdir.

“Məqsədlərimdən biri turizm, sərmaye qoyuluşu və ticarət kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə nail olmaqdır. İstərdik ki, azərbaycanlı iş adamları İndoneziyada yatırımlar etsinlər. Eyni ilə indoneziyalı biznesmenlərin Azərbaycanda fəaliyyət göstərməsində maraqlıyıq”, - deyə o vurğulayıb.

Səfirin sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İndoneziya ilə münasibətləri yaradıb və bu münasibətlər indiyədək yüksələn xətlə davam etməkdədir. O qeyd edib ki, iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərləri iki ölkənin tanıdılması baxımından vacib əhəmiyyət kəsb edir.

İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdıran səfir Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilməsinin təqdirəlayiq olduğunu bildirib. O, həmçinin, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu deyib, ölkəsinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

"APA Holdinq"in Direktorlar Şurasının üzvü, “Lent.az” informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu isə bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra İndoneziya ilə münasibətlərə önəm verib. Mədəni və mental dəyərlər baxımından iki ölkənin xalqları arasında paralellər aparılmasının mümkün olduğunu deyən Q. Abbasoğlu Azərbaycanla İndoneziyanın media qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini önə çəkib və bu məsələdə APA Holdinqin xüsusi rol oynaya biləcəyini vurğulayıb.

APA informasiya agentliyinin redaktoru İlham Sultanov isə iki ölkənin aparıcı media qurumları arasındakı əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR