Azərbaycan prezidenti: “Qarşı tərəf anlayıb ki, silahlı yolla hansısa maraqları təmin etmək üçün heç bir əsas yoxdur”

Azərbaycan prezidenti: “Qarşı tərəf anlayıb ki, silahlı yolla hansısa maraqları təmin etmək üçün heç bir əsas yoxdur”
# 02 may 2016 14:06 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bütün səylər əbəsdir. “Sadəcə, bölgədə sülhün bərqərar olması üçün işğala son qoyulmalıdır. Əminəm ki, belə də olacaq”, - deyə o vurğulayıb.

Azərbaycan prezidenti onu da qeyd edib ki, ordu quruculuğu Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetidir: “Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. 1994-cü ildə atəşkəs rejimi yaradılıbdır. Ancaq buna baxmayaraq, Ermənistan atəşkəs rejimini daim kobudcasına pozur. Xüsusilə görəndə ki, onlara qarşı münaqişə ilə bağlı beynəlxalq təzyiq artır, onlar atəşkəsi daha çox pozurlar və müxtəlif silahlı təxribatlara əl atırlar”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR