Mərkəzi Bankın Biləsuvar rayonunda yerləşən Regional Mərkəzinə press-tur təşkil edilib

Mərkəzi Bankın Biləsuvar rayonunda yerləşən Regional Mərkəzinə press-tur təşkil edilib
# 19 may 2016 14:43 (UTC +04:00)

Biləsuvar. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı başlıca kommunikasiya hədəfi qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, o cümlədən jurnalistlərin bank-maliyyə sahəsində biliklərinin artırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi Bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlimlər təşkil olunub.

"APA-Economics" xəbər verir ki, bu prosesin davamı olaraq jurnalistlər üçün Mərkəzi Bankın Biləsuvar rayonunda yerləşən Regional Mərkəzinə press-tur təşkil edilib.

Press-turun keçirilməsində əsas məqsəd media nümayəndələrini mərkəzin funksiyası və iş prosesi ilə yaxından tanışlığın davamı kimi ölkə ərazisində nağd pul tədavülünün təşkilində regional mərkəzlərin rolu barədə məlumatlandırmaqdan ibarət olub.

Press-tur zamanı KİV nümayəndələrinə mərkəzin işi ilə yaxından tanış olmaq imkanı yaradıldı, mərkəzin fəaliyyəti barədə onlara ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz 2009-cu ildən fəaliyyət göstərir və əsas funksiyası müvafiq inzibati ərazi vahidlərində nağd pul tədavülünün təşkilindən ibarətdir. Mərkəz 17 rayonda yerləşən və əhalini maliyyə xidmətləri ilə təmin edən bankların filiallarına xidmət göstərir.

Jurnalistlər üçün keçirilən təqdimatda qeyd edilib ki, “Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası ilə əlaqədar olaraq əhalidən pul nişanlarının ekspertiza edilməsi və dəyişdirilməsi, ticarət müəssisələrinin metal pul nişanlarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə Mərkəzi Bankın bütün ərazi idarələrində, o cümlədən Biləsuvar Regional Mərkəzində “Əhaliyə xidmət kassaları”nın fəaliyyəti də təmin edilib. Mərkəzi Bankın ərazi idarələrində beynəlxalq standartlara cavab verən xəzinə infrastrukturu, o cümlədən müasir xəzinə saxlancı və kassa qovşaqları yaradılıb, xidmət səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılıb. Regional mərkəzlər real sektorun monitorinqi, statistik məlumatların toplanması proseslərinə cəlb edilib.

Jurnalistlər regional mərkəzlərin kommunikasiya və maarifləndirmə funksiyası ilə də tanış olublar. Bildirilib ki, regional mərkəz milli pul nişanları, onların dəyişdirilməsi qaydaları barədə əhalinin maarifləndirilməsində və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə yaxından iştirak edir.

Biləsuvar Regional Mərkəzinə press-turdan sonra jurnalistlər Mərkəzi Bankın rayonda həyata keçirdiyi sosialyönümlü layihələrlə də tanış olmaq imkanı əldə ediblər. Media nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Məktəb-Lisey Kompleksində oldular və kompleksin fəaliyyəti barədə jurnalistlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2014/2015-ci tədris ilində Liseydə 174 şagird təhsil almış, bunlardan 25 nəfəri məzun olub. Məzunların hamısı ölkənin ən nüfuzlu ali təhsil məktəblərinə dövlət sifarişi əsasında olan ixtisaslara daxil olublar. Lisey məzunlarının imtahanlarda topladıqları orta bal 623 təşkil edib ki, bu da ölkənin qabaqcıl dövlət və özəl tam orta təhsil müəssisələri arasında ən yüksək nəticələrdən biridir. Məzunlardan 8 nəfəri 650-dən çox, 21 nəfəri 600-dən çox bal toplayıb. Ən yüksək nəticə isə 677 bal olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR