Binəqədi rayonunda “Laçın nağılı” adlı təqdimat keçirilib

Binəqədi rayonunda “Laçın nağılı” adlı təqdimat keçirilib
# 18 may 2016 15:40 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayon İcra Hakimiyyəti (RİH), Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 179 və 182 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Laçın rayonuna həsr olunmuş “Laçın nağılı” adlı təqdimat keçirilib.

RİH-dən APA-ya bildirilib ki, təqdimatda münsiflər heyətinin üzvləri, YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Hər iki məktəbin istedadlı şagirdləri müxtəlif səhnəciklər göstəriblər, rəqslər və mahnılar ifa ediblər, şeirlər səsləndiriblər. İlk öncə “Şəhrizad” və “Dünya Qarı” tərəfindən Laçın rayonunun xoşbəxt günləri tamaşalarla təqdim edilib. Qədim, orta əsr dövrlərini, 1918 və 1992-ci illəri əhatə edən səhnəciklərdə Laçın rayonunun qədim dövrlərdən müasir dövrə qədər mədəniyyəti, milli-mənəvi dəyərləri, mətbəxi göstərilib. Laçınlı şair Seyyid Həmzə Mir Nigar, Sarı Aşıq və Yaxşı obrazları, xanəndələrin ifası, milli rəqslər, həmçinin, Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının şücaəti canlandırılıb.

Sonda münsiflər heyətinə məktəblər tərəfindən hazırlanmış fotostendlər nümayiş olunub. Stendlər Laçın rayonu haqqında və şəhidlərimiz barədə zəngin məlumatları əhatə edib.

Yekun nitq söyləyən Sevinc Abdullayeva layihənin əhəmiyyətindən danışaraq bildirib ki, “Qarabağ həftəsi” adlı layihə may ayının 27-dək davam edəcək və işğal altında olan bütün rayonlarımızın təqdimatları təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR