SOCAR prezidenti Çilov adasında çalışan neftçiləri təbrik edib

SOCAR prezidenti Çilov adasında çalışan neftçiləri təbrik edib
# 19 sentyabr 2015 10:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri 20 sentyabr - Neftçilər günü ərəfəsində neftçiləri çalışdıqları ərazidə təbrik etmək ənənəsinə uyğun olaraq bu dəfə Çilov adasına səfər ediblər.

 

APA-Economics”in xəbərinə görə, SOCAR prezidenti burada yaşayan və işləyən neftçilərlə görüşərək, onları 20 sentyabr - Neftçilər günü münasibəti ilə təbrik edib, problemləri ilə maraqlanıb.

 

Daha sonra 28 May adına Neft və Qazçıxarma İdarəsinin Çilov adasında inşa edilmiş iaşə obyektinin açılışında iştirak ediblər. SOCAR prezidentinə məlumat verilib ki, inşasına 2013-cü ilin fevral ayından başlanılmış obyektin birinci mərtəbəsində 150 yerlik yeməkxana və mətbəx yerləşir. Mərtəbədə qarderob, yardımçı otaqlar, sanitar qovşağı, eləcə də çörək, ət, meyvə-tərəvəz və balıq məhsullarının saxlanılması üçün anbarlar mövcuddur. Binanın ikinci mərtəbəsində isə 150 nəfərlik akt zalı və kitabxana inşa edilib.

 

Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi guşə yaradılıb. Mərtəbədə həmçinin, istirahət otağı, 50 nəfərlik daha bir yeməkxana, mətbəx və anbarlar, eləcə də köməkçi otaqlar inşa edilib. Bina müasir istilik sistemləri və daimi isti-soyuq su ilə təchiz olunub, müasir standartlara cavab verən ventilyasiya sistemi quraşdırılıb. Qeyd olunub ki, obyektin içməli su ilə təchiz edilməsi və yanğından mühafizəsi məqsədi ilə ərazidə müvafiq olaraq 100 kubmetrlik və 200 kubmetrlik çənlər, həmçinin nasosxana tikilib. Binanın ətrafına asfalt örtük döşənib, ərazi abadlaşdırılıb, qazon salınıb, ağac və gül kolları əkilib.

 

Obyekt bütün kommunikasiya sistemləri ilə təchiz edilib, ərazidə işıqlandırma sistemləri quraşdırılıb. SOCAR prezidenti neftçilər qarşısında çıxışında bildirib ki, adada içməli su problemi həll olunub, sakinlərin elektrik enerjisi ilə fasiləsiz təminatında dönüş yaradılıb.

 

R. Abdullayev adanın sosial-iqtisadi inkişafı üçüm tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR