Bakı-Sumqayıt şosesinə alternativ yol təmir olunur

Bakı-Sumqayıt şosesinə alternativ yol təmir olunur
# 22 sentyabr 2016 12:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı - Sumqayıt magistralı - Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hərəkət hissəsi sıradan çıxmış, payız-qış aylarında gediş-gəlişi pisləşən, piyada səkilərinin olmayan yol vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Artıq bu problemlərin köklü şəkildə aradan qaldırılması istiqamətində işlər görülür.

Bakı - Sumqayıt magistralı - Binəqədi qəsəbəsi avtomobil yolunun uzunluğu 6,3 km, eni isə 16 metr təşkil edir. Layihəyə uyğun olaraq yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu 10 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol yatağının yararsız qruntu 1,8 – 2 metr dərinlikdə qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda yol əsasının tikintisi və buna paralel olaraq asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 3 qat olmaqla 80 min kvadratmetr sahəsi asfaltlanacaq.

Hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərinin çəkilişi, həmçinin 12 yeni avtobus dayanacağının quraşdırılması işləri aparılacaq.

Qeyd edək ki, Bakı - Sumqayıt magistralı - Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 87 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, nəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR