“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İdarə Heyətinin səlahiyyətləri azaldılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İdarə Heyətinin səlahiyyətləri azaldılıb
# 03 iyul 2016 00:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri azaldılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qərarında əksini tapıb.

Nizamnaməyə əsasən İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarət seçilir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri və onun müavinləri tutduqları vəzifəyə görə İdarə Heyətinin üzvləri hesab edilirlər. İdarə Heyətinin sədri onun işinə rəhbərlik edir. İdarə Heyətinin sədri və müavin(lər)i vəzifəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar. İndiyə qədər İdarə Heyətinin hüquqi şəxslər, filiallar və nümayəndəliklər təsis etmək, Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filialların və nümayəndəliklərin vəzifəli şəxslərini təyin etmək səlahiyyətləri olub. Dəyişikliyə əsasən bu sahələrdə İdarə Heyətinin müstəqil qərar qəbul etmək hüququ ləğv olunub. Başqa sözlə, İdarə Heyəti artıq yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə cəmiyyətin idarə, nümayəndəlik və filiallarını yaratmaq və ya ləğv etmək, həmçinin törəmə müəssisələrini (cəmiyyətlərini) yaratmaq, yenidən təşkil və ya ləğv etmək səlahiyyətinə malikdir. İdarə Heyəti Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), idarə, filial və nümayəndəliklərinin rəhbərlərini isə Nazirlər Kabinetinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edə biləcək.

Bundan sonra İdarə Heyəti Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi və Cəmiyyətin nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Nazirlər Kabinetinə təkliflər verməlidir. Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR