Jurnalistika üzrə magistraturaya qəbul olunmaq istəyənlərin qabiliyyət imtahanları keçiriləcək

Jurnalistika üzrə magistraturaya qəbul olunmaq istəyənlərin qabiliyyət imtahanları keçiriləcək
# 23 aprel 2016 09:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il aprelin 11‑dən 20‑dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qabiliyyət imtahanına qeydiyyatı aparılıb.

APA-nın xəbərinə görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan 25 nəfər bakalavr həmin müddət ərzində anketi doldurmaqla qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib ki, onların 22 nəfəri Azərbaycan bölməsi, 3 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir. Qeydiyyatdan keçmiş həmin bakalavrlar 22-25 aprel tarixlərində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və aprelin 26‑dan 28‑dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanı Asiya Universitetinin binasında keçiriləcək.

Qabiliyyət imtahanı, həmçinin bakalavrların magistarturaya qəbul imtahanının ikinci mərhələsində yazacaqları inşaya (esseyə) qoyulan tələblər və onların qiymətləndirmə meyarları haqqında ətraflı məlumat “Magistr” jurnalının 2016-cı il tarixli 3-cü sayında verilib. Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.

Bakalavrın biletin hər bir bəndi üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar imtahanın ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR