Rusiyada qətldə təqsirləndirilən azərbaycanlıların cinayət işinin istintaqı yekunlaşıb

Rusiyada qətldə təqsirləndirilən azərbaycanlıların cinayət işinin istintaqı yekunlaşıb
# 01 mart 2016 12:38 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın Volqoqrad vilayətində qətllərdə təqsirləndirilən azərbaycanlılardan ibarət dəstənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, dəstə üzvlərində ikisi - 35 yaşlı Elnur Qocayev və 30 yaşlı Asif Yusubovun Rusiya vətəndaşları, 32 yaşlı Zülfüqar Həsənov isə Azərbaycan vətəndaşıdır. Adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq quldur dəstəsi yaratmaqda və qətl hadisələrə törətməkdə təqsirləndirilirlər. Belə ki, dəstə üzvləri Moskva-Volqoqrad magistral yolu ilə hərəkət edən və meyvə-tərəvəz daşıyan yük avtomobilinin sürücünü qətlə yetiriblər. Onlar avtomobili içindəki meyvə-tərəvəzlə birlikdə qaçırıblar və yükü meyvə-tərəvəz bazasına sataraq külli miqdarda pul əldə ediblər.

Azərbaycanlılar ötən ilin iyun ayında da buna oxşar cinayət törədilər. Belə ki, pomidor dolu böyük yük maşınının sürücüsünü odlu silahdan qətlə yetirib, daha sonra sürücünün cəsədini yandırıblar. Ələ keçirdikləri yükü isə bazarda satıblar.

Qətlə yetirilən ikinci sürücünün cəsədi tapıldıqdan sonra polislər magistral yolda olan müşahidə kameralarına baxıblar. Bu zaman yük maşınının arxasında olan minik avtomobilləri diqqəti cəlb edib. Birinci cinayət hadisəsinin detalları ilə müqayisə olunduqda qətlin məhz bu minik avtomobillərində olan şəxslər tərəfindən törədildiyi şübhəsi yaranıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər üç şəxs yaxalanaraq istintaqa təhvil verilib. İstintaq zamanı azərbaycanlılar onlara qarşı irəli sürülən quldurluq, qətl, banditizm, odlu silah gəzdirmə, nəqliyyat vasitəsi qaçırma ittihamlarını rədd ediblər.

Qeyd edək ki, cinayət əməlləri sübuta yetirildiyi təqdirdə, azərbaycanlıları 25 ildən ömürlük müddətə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR