Ədliyyə Nazirliyində Xocalı soyqırımına həsr olunmuş təqdimat keçirilib

Ədliyyə Nazirliyində Xocalı soyqırımına həsr olunmuş təqdimat keçirilib
# 26 fevral 2016 16:41 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Ədliyyə Nazirliyində Xocalı soyqırımına həsr olunan təqdimat keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyinin və məsul şəxslərinin, gənc ədliyyə işçilərinin iştirakı ilə keçirilən tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Təqdimat zamanı Xocalı soyqırımı ilə bağlı qısametrajlı film nümayiş etdirilib. "Xocalıya Ədalət" beynəlxalq kampaniyası İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov kampaniyanın məqsədləri və fəaliyyəti, faciənin dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə təqdimatla çıxış edib. Kampaniyanın fəaliyyəti ilə bağlı suallar cavablandırılıb, təkliflər səslənib, fikir mübadiləsi aparılıb.

Yığıncaqda Xocalı hadisələrindən danışılıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinin zəbt olunması, işğal nəticəsində şəhərin büsbütün darmadağın edilməsi, dinc əhaliyə amansız divan tutulması, o cümlədən qadınların, uşaqların və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi, neçə-neçə ailənin tamamilə məhv edilməsi, dövlətin və əhalinin əmlakının zorakılıqla və vəhşicəsinə talan edilməsi xalqımıza qarşı törədilən misli görünməmiş vandalizm aktıdır. Diqqətə çatdırılıb ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır.

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar nazirlikdə faciə ilə bağlı sənədlərdən və foto materiallardan ibarət xüsusi stend hazırlanıb, bu barədə materiallar elektron məlumat lövhəsində yayımlanır, kinozalda erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər nümayiş etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR