AMEA-da yay imtahan sessiyasının vaxtı açıqlanıb

AMEA-da yay imtahan sessiyasının vaxtı açıqlanıb
# 23 may 2016 12:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorant, dissertant və magistrantlar üçün yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov yay imtahan sessiyasının doktorant və dissertantlar üçün may ayının 25-dən iyun ayının 25-dək, magistrantlar üçün isə iyun ayının 1-dən iyul ayının 5-dək keçiriləcəyini bildirib. O qeyd edib ki, doktorant və dissertantlar üçün ixtisas fənləri üzrə imtahanlar sessiyanın birinci on günlüyündə keçiriləcək və bütün imtahanlar test üsulu ilə aparılacaq.

İdarə rəisi əvvəlki imtahan sessiyalarında baş vermiş bəzi nöqsan və çatışmazlıqların bu sessiyada aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Ə.Sadıqov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin imtahanların tam şəffaf və ədalətli keçirilməsi, AMEA Rəyasət Heyətinin müəyyən etdiyi tələblərə ciddi riayət olunması ilə bağlı xüsusi sərəncam verdiyini müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Elm və təhsil idarəsinin Təhsil şöbəsinin rəisi Ömər Gülalov fəlsəfə fənni üzrə doktorluq im­ta­hanlarının 20-22 iyun tarixlərində keçiriləcəyini bildirib.

Elmi-analitik şöbənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov AMEA-da magistratura təhsilinin təşkili barədə məlumat verib. O bildirib ki, magistrlərin yay imtahan sessiyasına hazırlıq işləri tam yekunlaşıb və AMEA-nın magistraturasına Dövlət İmtahan Mərkəzi tərəfindən 2016/2017-ci tədris ili üçün 19 ixtisas üzrə 63 plan yerinə magistr qəbulu həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR