Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısına başçılıq edib

Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısına başçılıq edib
# 19 sentyabr 2016 14:37 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın ticarət tərəfdaşlarının siyahısında dəyişikliklər olub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar-avqust ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 459 mln. 22 min dollar təşkil edib. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,88%-i Türkiyənin payına düşür.

Ümumi ixracımızda isə Türkiyənin payı 12,55% təşkil edir. Yanvar-avqust ayları ərzində Azərbaycandan Türkiyəyə 726 mln. 663,55 min dollarlıq mal ixrac olunub. Bu baxımdan Türkiyə yalnız İtaliyadan (1 mlrd. 42,641 mln. dollar, ümumi ixracda payı 18,01%) geri qalır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 732,356 mln. dollarlıq mal idxal edib ki, bu da ümumi idxalın 13,22%-i deməkdir. Bu baxımdan Türkiyə digər qonşumuz Rusiyadan gedir qalır. Belə ki, hesabat dövründə şimal qonşumuzdan ölkəmizə 967,778 mln. dollarlıq mal gətirilib ki, bu da ümumi idxalın 17,47%-ə bərabərdir.

Maraq üçün qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə ixracın həcmi 37,5%, idxalın həcmi isə 1,4% azalıb.

Əsas ticarət tərəfdaşımız olan 10 ölkələrin siyahısını təqdim edirik: Türkiyə (1 mlrd. 459,022 mln. dollar), İtaliya (1 mlrd. 278,072 mln. dollar), Rusiya (1 mlrd. 196,710 mln. dollar), Almaniya (671,353 mln. dollar), Çin (539,556 mln. dollar), Tayvan (476,629 mln. dollar), Fransa (438,862 mln. dollar), Böyük Britaniya (418,056 mln. dollar), ABŞ (391,598 mln. dollar), İsrail (355,101 mln. dollar).

Qeyd edək ki, uzun illər sonra Türkiyə ilk dəfə Azərbaycanın əsas ticarət tərəfdaşı statusunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR