Mogerini: “Azərbaycan Avropa İttifaqının əsas ticarət tərəfdaşlarından biridir”

Mogerini: “Azərbaycan Avropa İttifaqının əsas ticarət tərəfdaşlarından biridir”
# 29 fevral 2016 17:06 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə strateji tərəfdaşlıq haqqında sazişlə bağlı müzakirələr aparılıb: “Çətin regionda yaşayırıq. Mövcud geosiyasi çağırışları, Azərbaycanın mədəniyyətlər arasında oynadığı körpü rolu barədə müzakirə etdik”.

Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində strateji tərəfdaş olduğunu deyən Mogerini qeyd edib ki, Azərbaycan nəqliyyat dəhlizləri və enerji mənbələrinin diversifikasiyası sahəsində mühüm rol oynayır: “Energetika sahəsi Avropa İttifaqı üçün vacib məsələdir. Biz bu gün Cənubi Qaz Dəhlizi üzrə ikinci məşvərət şurasının iclasını keçirdik. Bu bizim siyasi, iqtisadi və sosial bağlılığımızın dərinləşdirilməsinə aparan yoldur. Layihə üzrə götürdüyümüz öhdəliklər tərəflər arasındakı dialoqun bir hissəsidir. Amma digər sahələrdə də əməkdaşlıq barədə müzakirələr aparırıq”.

F. Mogerini bildirib ki, görüşdə insan hüquq və azadlıqları məsələsi də müzakirə edilib: “Uzunmüddətli rifahın və inkişafın əsası açıq cəmiyyət və azadlıqlardan keçir. Azərbaycanda hökumətlə vətəndaş cəmiyyəti arasında əlaqələr çox əhəmiyyətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR