Əlil uşaqların sağlam təhsili - Araşdırma

Əlil uşaqların sağlam təhsili - <span style="color: red;">Araşdırma
# 23 sentyabr 2016 10:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda əlilliyi olan uşaqlar artıq 2 ildir inklüziv təhsilə cəlb edilib. APA-nın xəbərinə görə, inklüziv təhsil – ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan təhsil prosesidir. Bu, əlil uşaqların ümumtəhsil məktəblərində tipik uşaqlarla birgə təhsilə cəlb olunmasını da təmin edir.

Ötən il təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi”nə başlanılıb. Bu əmrə əsasən, BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən maliyyələşdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib, Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə təyin edilib. Bu ildən isə əlilliyi olan uşaqların inklüziv təhsil alacağı məktəblərin sayı 4-ə çatdırılıb. Beləliklə, bu gün Bakının 4 məktəbində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-liseyində əlil uşaqlar tam sağlam uşaqlarla birgə təhsil alır.

Bəs görəsən, məktəblərdə əlilliyi olan uşaqların təhsilə marağı hansı səviyyədədir, digər uşaqlar onlarla birgə təhsil almağı necə qəbul edir, inklüziv təhsilin şəbəkəsi daha da genişlənəcəkmi?

Ötən ildən etibarən inklüziv təhsilin tətbiq olunduğu Xətai rayonu 138 saylı orta məktəbin direktoru Mirfaiq Mirheydərli APA-ya açıqlamasında deyib ki, bu Azərbaycanda artıq II ildir tətbiq olunur. Onun sözlərinə görə, model olaraq Almaniya təhsil sistemində tətbiq olunan təcrübə seçilib: “Bizim məktəbdə ötən il 2 sinfin hərəsində 2 uşaq olmaqla 4 şagird qəbul olunub. Bu il də həmçinin eyni sayda şagird qəbul edilib və beləliklə bizim məktəb 8 belə uşağın təhsili ilə məşğul olur. İnklüziv təhsilin tətbiqi istiqamətində artıq irəliləyişlər əldə olunub. Düşünürük ki, inklüziv təhsilin ibtidai sinifdən tətbiqi belə uşaqların gələcəkdə evlərdən çıxarılması, təlim alması və cəmiyyətə adaptasiya olmasına səbəb olacaq. Bu da onların heç olmasa müəyyən sahələrdə özlərinə iş tapması, cəmiyyət içərisində olması ilə nəticələnəcək”.

“İnklüziv təhsil əlil uşaqların normal cəmiyyətə çıxış əldə etmələri üçün baza yaradır”

Direktor qeyd edib ki, əlil uşaqlar bu gün digər xüsusi məktəblərdə də oxuyurlar. Ancaq belə məktəblərin sayının ümumi əlil uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağa imkan vermədiyini deyən M.Mirheydərli vurğulayıb ki, ümumtəhsil məktəblərində bu uşaqların sağlam uşaqlarla birgə təhsilə cəlb olunması özü-özlüyündə onların normal cəmiyyətə çıxış əldə etmələrinə bir baza yaradır: “Əvvəllər şagirdlərin onlara qarşı münasibətlərində problemlər yaşanırdı. Amma valideynlərlə aparılan işlər nəticəsində uşaqların mövqeyi dəyişdi. Dərs ili boyunca bu uşaqlar digər uşaqlarla elə qaynayıb qarışdılar ki, artıq indi onların arasında heç bir fərq hiss olunmur”.

Əlil uşaqların valideynləri də inklüziv təhsilin uşaqların rahat təhsil almalarına imkan yaratdığını bildiriblər. Əvvəllər onların uşaqlarına qarşı münasibətin fərqli olduğunu deyən valideynlərin sözlərinə görə, zamanla bu problemlər həll edilib və uşaqların təhsili üçün rahat şərait yaradılıb.

Difektoloq müəllim Fəridə Tağıyeva APA-ya açıqlamasında qeyd edib ki, əlil uşaqlar üçün inklüziv təhsilin tətbiq olunmasında əsas məqsəd onların cəmiyyətə adaptasiyasını yaratmaqdır. Onun sözlərinə görə, artıq bir il ərzində uğurlar var: “Uşaqlar bir-biriləri ilə gözəl münasibət qurur və biz də onlara kömək etməyə çalışırıq. Əlil uşaqların tipik uşaqlarla təhsil almasında müəyyən çətinliklər var. Bu da ən çox uşaqların fiziki, əqli çətinlikləri ilə bağlıdır ki, onu da aradan qaldırmaqla məşğuluq. Həmçinin tipik uşaqları cəlb edirik, onlarda mərhəmət hissi oyatmağa, bir-birilərinə kömək etmələrinə çalışırıq. Bu uşaqların təhsilə maraqları var və bacardıqları qədər oxumaq istəyirlər. Valideynlərinin də onların təhsil almasına marağı böyükdür. Uşaqların bilik və bacarıqları qədər təhsil almaq, onların məhdudiyyətlərini nəzərə alaraq təhsil almaq hüquqları var”.

Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin xüsusi təhsil şöbəsinin müdiri Anar Xəlilov APA-ya açıqlamasında deyib ki, ötən ildən başlayan pilot layihə çərçivəsində bu gün 4 ümumi orta təhsil müəssisəsində 24 əlilliyi və ya xüsusi təhsilə ehtiyacı olan uşaq təhsil alır.

Onun sözlərinə görə, bu işi qurmaq üçün ilk növbədə Bakı şəhəri seçilib: “Bu layihənin bütün ölkə daxilində tətbiqi üçün model hazırlanmalıdır və hazırda bu proses gedir. Belə uşaqların sağlamlıq imkanları məhdud olan uşaqlar hesab edilməsi doğru deyil. Onlar əlilliyi olan və ya xüsusi təhsilə ehtiyacı olan uşaqlardır. Yeni sosial əlilliyin baxışında bu uşaqlara xəstə kimi deyil, əlilliyi olan uşaq kimi yanaşılır. Əlilliyi olan şəxs heç də xəstə deyil. Qanunvericilikdə islahatlar aparılır və orada xüsusi təhsilə ehtiyacı olan uşaqlar qeyd ediləcək. Azərbaycanda ən həssas və təhsildən kənar qalan uşaqlar əlilliyi olan uşaqlardır. Ona görə də inklüziv təhsilin hədəfini yalnız əlilliyi olan uşaqlarla məhdudlaşdırmışıq. Rayonlarda, regionlarda xüsusi təhsil müəssisələri olmadığına görə əlil uşaqları keyfiyyətli təhsillə təmin etmək baxımından inklüziv təhsilə cəlb edirik. Bunun vasitəsilə onların təhsil almasına şərait yarada bilərik”.

“Bəzən valideynlər övladlarının xəstə uşaqlarla oxumasına narazılıq ediblər

Nazirlik rəsmisi qeyd edib ki, hər bir inklüziv təhsilin təşkil olunduğu məktəbdə loqoped xidmət təşkil olunub. Onun sözlərinə görə, hər məktəbdə 1 loqoped-defektoloq fəaliyyət göstərir və onlar əlil uşaqlarla işləyərək uşaqların biliyinin qiymətləndirilməsi, təlim-təhsil planın hazırlanması, gündəlik məşğələlərin göstərilməsinə köməklik edirlər: “Uşaqların sayı artdıqda, inklüziv təhsil ibtidai təhsildən orta təhsilə keçdikdə müəllimlərin sayı da artacaq. Hələlik bir məktəb üçün bir mütəxəssis var, gələcəkdə isə ibtidai və orta təhsil pilləsinin hər biri üzrə əlavə 1 mütəxəssis olacaq. İnklüziv təhsilə keçid zamanı valideynlərlə iş də mühüm məsələlərdən biri idi. Tədris ilindən öncə siniflərdəki valideynlərlə görüşərək layihə, əlilliyi olan uşaqlar barədə məlumatlar verilir. Bəzi hallar olub ki, valideynlər övladlarının xəstə uşaqlarla oxumasına narazılıq edib, övladını digər sinfə keçiriblər. Amma inklüziv təhsil bütün təhsil pillələrində tətbiq ediləndən sonra hər bir məktəb əlilliyi olan uşaq üçün açıq olacaq”.

A.Xəlilov vurğulayıb ki, hazırda Azərbaycanda 18 yaşına kimi 65 482 əlilliyi olan uşaq var: “Amma nəzərə almaq lazımdır ki, onların arasında somatik xəstəlikləri olan uşaqlar da var. Yəni, böyrək xəstəlikləri, ürək qüsurları, hemofiliya, qan xəstəlikləri, şəkərli diabet xəstələri olan uşaqların bir çox hallarda xüsusi təhsilə ehtiyacı yoxdur və onlar ümumi məktəblərdə təhsil alır. Xüsusi təhsilə ehtiyacı olan əlil uşaqlar üçün inklüziv təhsilin mühüm töhfələr verəcəyinə inanırıq”.

Qeyd edək ki, Azərbaycanda inklüziv təhsilin tətbiq edilməsi üçün Almaniya modelindən istifadə edilib. İnkluziv təhsillə bağlı beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10% olmalıdır. Almaniyada bu sistem xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulub. İnklüziv təhsilin hədəf qrupu heç də hər zaman əlilliyi olan uşaqlar deyil. Məsələn, Azərbaycandan Almaniyaya təhsil almağa gedən şəxs dil biliklərinə yiyələnmək üçün inklüziv təhsilə cəlb olunur. Almaniya ilə bərabər, Türkiyə, Estoniya və s. ölkələrdə də inklüziv təhsil sistemi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR