Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiyanın "Alfa" bankı Sverdlovsk vilayətinin arbitraj məhkəməsinə müraciət edərək "Uralvaqonzavod" elmi-istehsal korporasiyasının müflis elan olunmasını tələb edib.
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, məhkəmə hələlik bankın müraciətini qəbul etməyib.
Korporasiyanın baş direktorunun müavini Aleksey Jariç isə bildirib ki, "Uralvaqonzavod" bankla konstruktiv dialoq aparır: "Danışıqların şərtlərinə əsasən biz onların gedişatı ilə bağlı heç bir şərh verə bilmərik".
Bankla korporasiya arasında məhkəmə çəkişməsi "Uralvaqonzavod"un törəmə müəssisələrindən birinin 338 mln. rubl həcmində olan kredit üzrə ödənişi gecikdirdikdən sonra başlayıb.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC və "Uralvaqonzavod" korporasiyası arasında bağlanan müqaviləyə əsasən zavoddan Azərbaycana 3100 müxtəlif təmayüllü yük vaqonu gətirilib.