Lənkəranda insan alverinə qarşı mübarizə tədbirləri mövzusunda tədbir keçirilib

Lənkəranda insan alverinə qarşı mübarizə tədbirləri mövzusunda tədbir keçirilib
# 23 may 2016 20:08 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Mayın 23-də Lənkəran Dövlət Universitetinin (LDU) akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və "XXI əsrin qadınları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasından irəli gələn vəzifələrə uyğun maarifləndirmə tədbiri keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, tələbə-gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan LDU-nin rektoru vəzifəsini icra edən, texnika elmləri doktoru, professor Nizami Yusubov onun məqsəd və vəzifələrindən, əhəmiyyətindən danışıb.

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Füzuli Qurbanov insan alveri, fəsadları və ona qarşı aparılan mübarizənin hüquqi aspektləri ilə bağlı geniş məlumat verərək, çıxışının sonunda bu məlumatların hər bir tələbə üçün faydalı olacağına, tələbələri yaxşı oxumaqla yanaşı, hüquqlarını da dərindən bilməyə əminliyini vurğulayıb.

İnsan alverinə qarşı mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının cənub bölgəsi üzrə koordinatoru, Hüquqi Yardım İctimai Birliyinin sədri İlqar Qasımov çıxışına "İnsan alveri nədir?" sualı ilə başlayaraq bildirib ki, insan alveri dedikdə güc tətbiq etmə, hədələmə, məcbur etmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən, vəzifədən sui istifadə etməklə insan hüquq və azadlıqlarının pozulması, insanların aldadılaraq istismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi və ya alınması və s. başa düşülür. Natiq insan alverçilərinin qurbanlarını necə tora salmaları barədə ətraflı məlumat verib, iştirakçıları, xüsusilə də tələbə-gəncləri ayıq olmağa çağırıb. İ. Qasımov tələbələrə bu tipli hallarla rastlaşdıqları təqdirdə dərhal 152 nömrəli qaynar xətt telefonuna zəng etməyi tövsiyə edib.

"XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova isə çıxışı zamanı rəhbərlik etdiyi qurumun əsas məqsəd və vəzifəsi haqqında qısa məlumat verərək, qadınlara kömək məqsədi ilə [email protected] qaynar xəttinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR