“SOCAR Yay Məktəbi- 2016” layihəsinin açılışı olub

 “SOCAR Yay Məktəbi- 2016” layihəsinin açılışı olub
# 22 avqust 2016 08:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu. Bu gün “SOCAR Yay Məktəbi-2016” layihəsinin açılışı olub.

APA-Economics”in məlumatına görə, builki “SOCAR Yay ­Məktəbi" layihəsində iştirak üçün 30 nəfər seçilib.

“SOCAR Yay Məktəbi 2016”nın açılış mərasimində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə layihə iştirakçısı olan gəncləri müsabiqənin qalibi olmaları münasibətilə təbrik edib. O, məktəbin işinə uğurlar arzulayıb. X.Yusifzadə SOCAR-ın həyata keçirdiyi təhsil proqramları, o cümlədən ''SOCAR Yay Məktəbi'' proqramının məqsədi barədə məlumat verib.

Bildirib ki, SOCAR 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri təqaüd proqramlarına cəlb etməyə başlayıb. Hazırda həyata keçirilən “Yay Məktəbin”də də mühazirəçilərin çoxu məhz SOCAR-ın Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub geri qayıtmış gənclərdir.

Respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu deyən X.Yusifzadə ölkə daxilində, eləcə də xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin enerji sektoruna marağını artırmaq məqsədi ilə SOCAR-da 2010-cu ildən etibarən ali məktəb tələbələri üçün “Yay Məktəbi” layihəsinə start verildiyini söyləyib.

Məlumat verilib ki, 2012-ci ildən etibarən “Yay məktəbi” layihəsinə tələbələrlə yanaşı, SOCAR-ın əməkdaşları da cəlb olunublar.

Bir həftə davam ed­əcək “SOCAR Yay Məktəbi 2016” layihəsi çərçivəsində iştirakçılar şirkətin müxtəlif istehsalat obyektlərində olacaq, onlar arasında yarışlar və intellektual oyunlar keçiriləcək.

Qeyd edək ki, “Yay Məktəbi” layihəsinə 702 nəfər müraciət edib. Layihənin birinci mərhələsində ilkin şərtlərə cavab verən namizədlərin məntiqi təfəkkürünün yoxlanılması üzrə test imtahanları keçirilib. İkinci mərhələdə isə SOCAR-ın mütəxəssisləri tərəfindən müsahibə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR