Sloveniya klubunun prezidenti: “İşsiz olsaydı, Prosineçkini dərhal baş məşqçi postuna gətirərdim”

Sloveniya klubunun prezidenti: “İşsiz olsaydı, Prosineçkini dərhal baş məşqçi postuna gətirərdim”
# 26 aprel 2016 10:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Sloveniya klubunun diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 47 yaşlı çalışdırıcının xidmətində vaxtilə futbolçu kimi formasını geyindiyi “Olimpiya” klubu maraqlıdı.

Bunu Xorvatiya mətbuatına müsahibəsində klubun prezidenti Milan Mandariç açıqlayıb.

“Olimpiya”nın sabiq baş məşqçisi Marko Nikoliç oyunların birində komandanın nigeriyalı futbolçusuna “qara axmaq” deyərək, ona qarşı irqçi şüar səsləndirmişdi. Bunu təsdiqləyən Sloveniya Futbol Federasiyası 36 yaşlı çalışdırıcını 7 oyunluq cəzalandırmışdı. Nəticədə “Olimpiya” rəhbərliyi də Nikoliçlə yolları ayırmağa qərar vermişdi.

Nikoliçin səhv etdiyini və haqlı yerə cəzalandırıldığını deyən Mandariç yeni baş məşqçi axtarışına çıxıb. 77 yaşlı xorvatiyalı prezidentin siyahısında 4 məşqçinin adı var.

Mandariç ilk növbədə, Harri Rednappla əlaqə saxladığını, lakin müsbət cavab almadığını bildirib: “Bu günlərdə Rednappla əlaqə saxladım. Çempionatın son oyunlarında komandanı meydana onun çıxarmasını istədiyimi bildirdim, ancaq müsbət cavab almadım. Nəzərimdə Roy Kin də var idi. Lakin bu cür məşqçilərə vaxt vermək lazımdı. Bu isə mənə sərf etmir. Bizə Sloveniya futbolunu yaxından tanıyan məşqçi lazımdı”.

“Olimpiya” başqanının “elçi düşdüyü” məşqçilərin sırasında Robert Prosineçki də ilk pillələrdə yer alıb. Millimizin çalışdırıcısının 2002-2003 mövsümündə Lüblyana klubunda çıxış etməsi nəzərləri ona yönəldib. Mandariç də komandanın “sükanı”nı Prosineçkiyə verməyə hazırdı: “Robert Prosineçki həmyerlimdi. Bir neçə il əvvəl futbolçu kimi “Olimpiya”nın şərəfini qoruyub və dərin iz buraxıb. Əgər işsiz olsaydı, Prosineçkini həmən baş məşqçi postuna gətirərdim. Prosineçki həmişə dəyər verdiyim insan olub. Bu mənada, onu “Olimpiya”nın baş məşqçisi postuna məmnuniyyətlə gətirərdim”.

Mandariç siyahısında “Maribor”dan ayrılmış Krunoslav Yurçiçin olduğunu da gizlətməyib: “O cür məşqçi “Maribor”dan qovuldu. Əslində, çox yaxşı işləyirdi. “Olimpiya”nın prezidenti olaraq, əsas rəqibimizin bu cür məşqçi ilə yollarını ayırması məni sevindirdi. Yurçiçlə də maraqlanırıq”.

Qeyd edək ki, 31 turdan sonra aktivində 62 xal olan “Olimpiya” turnir cədvəlinə başçılıq edir. Lüblyana təmsilçisi 2-ci pillədə qərarlaşan “Maribor”u 1 xal qabaqlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR