On bir azərbaycanlı gənc Rusiya Teatr İnstitutunda təhsil alacaq

On bir azərbaycanlı gənc Rusiya Teatr İnstitutunda təhsil alacaq
# 02 sentyabr 2016 09:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən 11 azərbaycanlı gənc Moskvada təhsil alacaq.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, institutda gənclərə tələbə biletlərinin təntənəli təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov bildirib ki, Azərbaycan prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihəyə uyğun olaraq institutun tanınmış mütəxəssisləri tərəfindən Bakıda keçirilmiş müsabiqə əsasında seçilən gənclər Moskvada “Teatr və kino dram aktyoru” və “Teatr rejissoru” ixtisasları üzrə 5 il müddətində təhsil alacaqlar.

İ. Hüseynovun sözlərinə görə, nazirlik gənclərin Rusiyada təhsil haqqı və yaşayış, aviabilet xərclərinin, eləcə də aylıq təqaüdlərin ödənilməsini öz üzərinə götürüb. Moskvada təhsili başa vurduqdan sonra gənclər Azərbaycana dönəcək və nazirlik tərəfindən işlə təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR