Elmar Məmmədyarov Uruqvay xarici işlər nazirinin müavini ilə görüşüb

Elmar Məmmədyarov Uruqvay xarici işlər nazirinin müavini ilə görüşüb
# 14 sentyabr 2015 15:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kanselanı qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edərək, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Görüş əsnasında bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunaraq, gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulanıb.

X. L. Kansela Azərbaycana səfərindən məmnunluq keçirdiyini qeyd edərək Uruqvayın xarici siyasətinin təməl prinsiplərindən birinin dövlətlərin ərazi bütövlüyünə hörmət olduğunu diqqətə çatdırıb.

E. Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyərək Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışıb. Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrinin tələblərinə riayət etmədiyini deyən E. Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin vacibliyi qeyd olunub.

Azərbaycan və Uruqvay arasında ilk siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov və Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela arasında da görüş keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR