Moskvada Azərbaycanın turizm nümayəndəliyinin rəsmi açılış mərasimi olub

Moskvada  Azərbaycanın turizm nümayəndəliyinin rəsmi açılış mərasimi olub
# 24 fevral 2016 18:37 (UTC +04:00)

Moskva.Fərid Əkbərov -APA. Rusiya paytaxtında Azərbaycanın turizm nümayəndəliyinin rəsmi açılış mərasimi olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Balçuq Kempinski” hotelində keçirilən açılış mərasimində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və onun Moskvadakı turizm nümayəndəliyi olan, Rusiyada Azərbaycan üzrə ilk turoperator “Tour a Vent” kompaniyasının təqdimatı baş tutub.

Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimai əlaqələr departamentinin rəhbəri Vüqar Şıxməmmədov, “Azal” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov, Rusiyanın tanınmış aparıcı turizm agentliklərinin rəhbərləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu ölkəmizin böyük turizm potensialı olduğunu söyləyib. O, rusiyalı turistləri Azərbaycana dəvət edərək, Azərbaycanın mənzərəli yerlərini görməyə, turizm imkanlarından bəhrələnməyə çağırıb: "Əminəm ki, Azərbaycanı bir dəfə görməyə gələn, yenə bu ölkəni görmək istəyəcək".

Tədbirdə çıxış edən digər natiqlər rusiyalıların uzun illərdir ki, Türkiyədə və Misirdə istirahət etdiyi faktın nəzərə alaraq bu gün həmin istiqamətin onlar üçün bağlı olduğunu qeyd ediblər. Bildirilib ki Azərbaycanda istirahətin əhəmiyyəti indi daha da artıb. Burada həm yayda, həm də qış mövsümündə istirahət etmək mümkündür.

Təqdimat mərasimində rusiyalı turistlərin Azərbaycana səfərlərini çoxaldan, iki ölkə arasında turizm sahəsində əlaqələrin möhkəmlənməsinə dair üç memorandum imzalanıb.

Qeyd edək ki, bu gün Azərbaycana səfər edən xarici turistlərin 30 faizini rusiyalılar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR