Novruz Məmmədov: "Dünya ictimaiyyəti beynəlxalq hüququ unudub"

Novruz Məmmədov: "Dünya ictimaiyyəti beynəlxalq hüququ unudub"
# 07 oktyabr 2016 08:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. "Azərbaycan çoxvektorlu, tarazlaşdırılmış siyasət həyata keçirir".

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransın açılışında deyib.

N. Məmmədov bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin daxili və xarici siyasətinin dünya ölkələri tərəfindən rəğbətlə qarşılanması demək idi: "Azərbaycan müstəqil, balanslaşdırılmış xarici siyasət həyata keçirir, Qoşulmama Hərəkatına üzv olub, kiçik dövlət olsa da, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında aktiv iştirak edir. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biridir. Hazırda Azərbaycan Əfqanıstana yük daşınmasında əsas rol oynayır".

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan bir çox üçtərəfli formatların təşəbbüskarıdır: "Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatları buna nümunədir. İslam Əməkdaşlıq Təşkilatı Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, bununla bağlı qrup yaradılması barədə də qərar verilib".

N. Məmmədov qeyd edib ki, SSRİ-nin süqutundan, "Varşava sistemi" dağılandan sonra dünya ictimaiyyəti beynəlxalq hüququ unudub. O, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verdiyini qeyd edib: "Azərbaycan Avropa İttifaqına daxil olan 8 dövlətlə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb".

N. Məmmədov vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri Asiya və Avropanı birləşdirib: "45 milyard dollar sərmayənin qoyulacağı TAP, TANAP layihələrinin reallaşması yeni səhifə açacaq. Bu gün enerji amili dövlətlərarası münasibətlərə, xarici siyasətə böyük təsir göstərir. Azərbaycan həm də Şərqlə Qərbin mədəni qovşağıdır. Azərbaycan Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verib, Şərqdə ilk dəfə opera və baletin əsasını qoyub. Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Bu xüsusda 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarını qeyd etmək istəyirəm. İdman sülhün təşviqində böyük rol oynayır. Gələn il isə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Bu tədbirlərin keçirilməsi bu gün asan olmasa da, Azərbaycan idman siyasəti ilə sülhə böyük töhfə verməyə davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR