Bakı Ali Neft Məktəbinin tələbələri “Microsoft”un sertifikatını alıblar

Bakı Ali Neft Məktəbinin tələbələri “Microsoft”un sertifikatını alıblar
# 19 aprel 2016 09:06 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Microsoft”un İT Akademiyasını (Microsoft İmagine Academy) uğurla bitirən və BANM-də keçirilmiş “Robototexnika” yarışının qalibi olmuş “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə sertifikatlar təqdim olunub.

BANM-dən APA-ya bildirilib ki, tədbirdə Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, “Microsoft” şirkətinin Təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov və Strateji həllər üzrə mütəxəssis Qaçay Mirzəyev, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Rektoru Elmar Qasımov tələbələrin peşəkar mühəndislər kimi formalaşması istiqamətində BANM-də zəruri işlər aparıldığını və əhəmiyyətli addımlar atıldığını vurğulayaraq, onların nailiyyətlərinin ildən ilə artacağına əmin olduğunu deyib.

Şahin Həsənov Ali Məktəbdə tələbələr üçün yaradılan şəraitin onların mütəxəssis kimi formalaşmasında böyük zəmin yaratdığını vurğulayıb. Emin Axundov isə şirkətin yeni layihələri haqqında məlumat verib, tələbələri həmin layihələrdə iştirak etməyə çağırıb.

Sonda “Microsoft”un sertifikatlaşdırılmış kurslarını başa vurub imtahandan uğurla keçən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələrinə “Software Development Fundamentals” sertifikatları və BANM-də keçirilən “Robototexnika” yarışında qalib gələn tələbələrə sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR