Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib
# 19 avqust 2016 10:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərin cinayətlərinin tam sübuta yetirildiyini deyib və onların hər birinə 15 il həbs cəzası istəyib.

Təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkil çıxış üçün vaxt istəyib.

Proses avqustun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir bir qədər əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər.

İttihama görə, Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR