DSMF: Sosial sığorta haqlarının 100%-lik hissəsinin fərdi hesaba yatırılması ilə bağlı qanunvericiliyə dəyişiklik hazırlanır

DSMF: Sosial sığorta haqlarının 100%-lik hissəsinin fərdi hesaba yatırılması ilə bağlı qanunvericiliyə dəyişiklik hazırlanır
# 13 aprel 2015 14:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” pensiya sahəsində köklü dəyişiklikləri ifadə edir. Bu dəyişikliklərdə həm Sosial sığorta haqqında Qanun”da, həm “Əmək pensiyaları haqqında Qanun”da, həm də fərdi uçot sahəsindəki qanunvericiliyə dəyişiklikləri nəzərdə tutur”.

APA-Economics”in xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev keçirdiyi brifinq zamanı bildirib.

E. Mehdiyevin sözlərinə görə, DSMF Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə bu dəyişiklərin çərçivə planını artıq tam yekunlaşdırıb və hazırda sənəd nazirlərarası müzakirə mərhələsindədir.

“Bu dəyişikliklər nəticəsində Azərbaycanda sosial sığortalanmada ödənilən sosial sığorta vəsaitlərinin fərdi hesablara qeydiyyatı sxemi tamamilə dəyişəcək, yeni əsaslarla təyin olunacaq. Yəni hazırda ödənilən sosial sığorta haqlarının 50%-i fərdi hesablarda yatır, 50%-i isə ümumi istifadədə qalır. Qanunvericiliyə dəyişiklikdən sonra ödənilən bütün sosial sığorta haqlarının fərdi hesabda 100%-lik hissəsi qeydiyyata alınacaq. Digər tərəfdən isə pensiyaların hesablanmasına tamamilə yeni bir alqoritm tətbiq olunacaq. Yəni pensiyaların yeni bir düstur əsasında hesablanması ortalıqda olacaq ki, bu isə baza hissəsinin restruktrizasiyasının aparılaraq pensiyaların bu 100%-lik pensiya kapitalının asalı olaraq hesablanması mexanizmini ifadə edir”, - deyə DSMF sədri bildirib.

E. Mehdiyevin sözlərinə görə, bunun bir çox üstünlükləri var: “Bu gün sosial sığorta haqlarının ödənilməsində yüksək əmək haqqı alan insanların bu 50% itki ilə üzləşdirilmələri onların bu sahədə aktiv iştirakını azaldan bir faktor kimi çıxış edir. İlk növbədə bu problem aradan qaldırılacaq və bu daha çox səslənən əmək haqlarının leqallaşması, iş yerlərinin tam qeydiyyatı problemini iqtisadi üsullarla tam təmin edəcək”.

Qurum sədrinin sözlərinə görə, bu sxem imkan verəcək ki, hər bir işəgötürən öz işçisi üzərində nəzarəti reallaşdırsın və maraqlı olsun ki, nə qədər çox əmək haqqı rəsmiləşdirəcəksə o qədər çox sosial sığorta haqqı ödəniləcək və buna görə də daha çox pensiya əldə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR