Rusiyanın Rabitə Nazirliyində TASİM layihəsi müzakirə edilib

Rusiyanın Rabitə Nazirliyində TASİM layihəsi müzakirə edilib
# 27 fevral 2015 09:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiyanın Rabitə Nazirliyində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi müzakirə edilib.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Rostelekom” ASC, “TransTelecom” QSC və “MTS” ASC-ni təmsil edən nümayəndələr layihənin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər. Tərəflər Rusiyanın layihədə rolu barəsində danışıqların davamının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkəsinin çəkilişini nəzərdə tutur.

Layihə çərçivəsində Qazaxıstan, Azərbaycan və Türkiyə ərazilərindən keçərək, Çin və Avropa arasında telekommunikasiya tranzit xəttinin tikilməsi planlaşdırılır. Həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzəraltı xəttin çəkilişi alternativ variant kimi mövcuddur.

Xatırladaq ki, TASİM layihəsi haqqında bəyannamə 11 noyabr 2008-ci il Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib.

Bununla yanaşı, layihə 2009-cu ildə kommunikasiya sahəsində fəaliyyət göstərən Regional Rabitə Administratorları Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR