Sloveniya parlamentinin yuxarı palatasının sədri AZƏRTAC-ın baş direktoru ilə görüşüb

Sloveniya parlamentinin yuxarı palatasının sədri AZƏRTAC-ın baş direktoru ilə görüşüb
# 05 mart 2015 16:33 (UTC +04:00)

Bakı – APA. “Getdikcə daha da qloballaşan və zəngin informasiya mühitinin yarandığı dünyada xəbər agentliklərinin rolu daha da artır. Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır”.

Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Sloveniya parlamentinin yuxarı palatasının – Milli Şuranın sədri Mitya Bervar səsləndirib.

M. Bervar qeyd edib ki, bu yaxınlarda Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətə malik hadisənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında AZƏRTAC mühüm rol oynayacaq. Onun sözlərinə görə, Azərbaycan və Sloveniya arasında mədəni, iqtisadi və siyasi sahələrdə əlaqələrin inkişafı xəbər agentliklərinin əməkdaşlığına da müsbət təsir göstərib. Bir neçə gün əvvəl AZƏRTAC-la Sloveniyanın STA agentliyi arasında əməkdaşlıq Sazişi imzalanıb. Sazişin imzalanması mərasimində iştirak etməkdən məmnunluq duyduğunu bildirən M. Bervar bildirib ki, AZƏRTAC-ın 95 illik yubileyində dünyanın mötəbər media qurumlarının və informasiya agentliklərinin rəhbərlərinin iştirakı onun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

AZƏRTAC-ın baş direktoru A. Aslanov isə göstərilən diqqətə görə Sloveniya parlamenti Milli Şurasının sədrinə təşəkkürünü bildirib. Qeyd edib ki, tarixən sıx əlaqələrə malik Azərbaycan və Sloveniya arasındakı əməkdaşlıq son on ildə dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Baş direktor İkinci Dünya müharibəsində böyük şücaət göstərmiş Mehdi Hüseynzadəyə Sloveniyada dərin rəğbət və ehtiram bəslənilməsinin şahidi olduğunu və bundan məmnunluq duyduğunu diqqətə çatdırıb.


M. Bervar 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçiriləcəyindən məlumatlı olduğunu bildirib. AZƏRTAC-ın 2016-2019-cu illərdə bu mötəbər beynəlxalq qurumlara sədrlik etməsini onun qazandığı nüfuzun daha bir təsdiqi kimi dəyərləndirib.

Görüşdə çıxış edən Sloveniya parlamentinin deputatı Rudi Matjasic Bakıya səfər zamanı iki xalq arasında bir çox ümumi dəyərlərə şahid olduğunu bildirib. Buna iki xalqın ortaq qəhrəmanı olan Mehdi Hüseynzadəni misal göstərən deputat Sloveniyada onun şərəfinə marka istehsal olunduğunu qeyd edib.

Sloveniyanın Bakıdakı fəxri konsulu Elnur Allahverdiyev Milli Şuranın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı bir sıra mühüm görüşlərin keçirildiyini və aparılan danışıqların nəticəsi olaraq 2016-cı ildə Bakıdan Sloveniyanın Maribor şəhərinə birbaşa təyyarə reyslərin açılmasına dair razılıq əldə edildiyini bildirib. Qeyd edilib ki, bu hava körpüsü ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR