Azərbaycanda problemli kreditlərin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda problemli kreditlərin həcmi 1 mlrd. manatı ötüb
# 05 mart 2015 07:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2015-ci ilin fevralın 1-nə 18 579,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin yanvar ayı ilə müqayisədə 3 095,2 mln. manat və ya 19,99% çoxdur.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 724,1 mln. manat və ya ümumi həcminin 44%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 416,8 mln. manat və ya 22,46% artıb.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,7%-lik payla “İnşaat və əmlak” və 14,3%-lik payla “Ticarət və xidmət”, 10,8%-lik payla sənaye və istehsal, 4,5%-lik payla kənd təsərrüfatı və emal, 3,9%-lik payla nəqliyyat və rabitə, 1,3%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin fevralın 1-nə 1 030,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 215,8 mln. manat və ya 26,48% çoxdur.

Son bir ayda isə vaxtı keçmiş kreditlərin cəmi 54,6 mln. (5,59%) manat artıb.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 5,5% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR