AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 24 iyun 2015 15:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov və universitetin Fizika fakültəsinin dekanı, fizika üzrə elmlər doktoru Məhəmmədəli Ramazanovun “Nanomateriallar sahəsində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib.

Akademik BDU-nun bir sıra beynəlxalq təşkilatlarla yanaşı, SOCAR, “Azərsu” ASC, Müdafiə Sənayesi Nazirliyi və AMEA ilə əməkdaşlığından danışıb.

Məruzədə “QS World University Rankings” reytinqinə görə BDU-nin yenidən dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən tərtib edilən dünyanın ən yaxşı 2000 universitetinin siyahısına düşməsindən, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşmasından bəhs olunub.

Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri 5-7 milyon dollar olan 80-dən çox layihənin həyata keçirildiyini deyən akademik A. Məhərrəmov bunların yarıdan çoxunun beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ layihələr olduğuna diqqət çəkib. Akademik onu da bildirib ki, innovativ istiqamət kimi prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda bünövrəsi qoyulan nanotexnologiya üzrə BDU-da artıq 10 ildir ki, intensiv işlər aparılır: “2005-ci ildə BDU-da “Nanoaraşdırmalar mərkəzi” yaradılıb, bir il sonra isə bu istiqamətdə təhsili təşkil etmək məqsədi ilə “Nanomaterialların kimyəvi fizikası” kafedrası yaradılıb və bir sıra istiqamətlərdə uğurlu tədqiqat işləri aparılmağa başlanılıb”.

Sonra çıxış edən fizika üzrə elmlər doktoru Məhəmmədəli Ramazanov isə bildirib ki, nanotexnologiya istiqamətində aparılan işlərin nəticələri “Thomson Reuters” agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 74 məqalədə öz əksini tapıb.

Tədqiqat işlərinin nəticələrindən ABŞ-da "Perspektiv nanokompozitlər, onların növləri, xassələri və tətbiqləri” adlı monoqrafiya çap edilib, Azərbaycan dilində “Nanotexnologiya” dərsliyi hazırlanıb, “Laboratoriya kitabları dərc edilib, 12 fəndən proqramlar yaradılıb, 3 ixtisasdan – nanohissəciklərin fizikası, nanomaterialların fiziki kimyası və nanobiotexnologiya istiqamətində magistr proqramları hazırlanıb, həmçinin bu istiqamətlərdə universitetdə magistr hazırlığına başlanılıb. Doktorantura pilləsində isə hazırda nanohissəciklərin fizikası və texnologiyası, nanokimya istiqamətlərində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə kadr hazırlığı həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR