Suraxanı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Suraxanı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 02 aprel 2015 07:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF martın 30-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi müəssisəsinin, istixana və zeytunçuluq təsərrüfatlarının, həmçinin plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR