Azərbaycan prezidenti Perunun və Seyşel Adalarının yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti Perunun və Seyşel Adalarının yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
# 28 mart 2015 15:55 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorke Abarka del Karpionun etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti ilə söhbəti zamanı səfir paytaxtımızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib. O, Latın Amerikası ölkələrində Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərildiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Peru arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, biznes, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycan prezidenti həmçinin Seyşel Adalarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dik Esparonun etimadnaməsini qəbul edib.

Prezidentlə söhbəti zamanı səfir Seyşel Adalarının prezidenti Ceyms Aleks Mişelin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı verdiyi dəstəyi də prezident İlham Əliyevin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı ədalətli mövqeyinə görə Seyşel Adalarının prezidentinə təşəkkürünü ifadə edib. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qaldığını vurğulayan prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, enerji, balıqçılıq, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı prezident Ceyms Aleks Mişelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Seyşel Adaları dövlətinin başçına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR