AİB Naxçıvan və Ağcabədinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 150 mln. dollar ayırıb

AİB Naxçıvan və Ağcabədinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 150 mln. dollar ayırıb
# 01 dekabr 2014 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - 3” layihəsinin maliyyələşdirilməsi ilə bağlı “Azərsu” ASC ilə Asiya İnkişaf Bankı (AİB) arasında, eləcə də Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə AİB arasında Layihə Sazişlərinin imzalanma mərasimi keçirilib.

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, müvafiq sazişləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov və Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono imzalayıblar.

AİB “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - 3” layihəsi çərçivəsində Azərbaycan hökumətinə güzəştli şərtlər ilə 150 mln. dollar kredit ayıracaq. Bu vəsaitin 122,16 mln. dolları Ağcabədi, 27,84 mln. dolları Naxçıvan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına sərf olunacaq.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov AİB-in Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq, bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstəyini yüksək qiymətləndirib: “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsi çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib. Bu layihələrin icrası həmin şəhərlərdə əhalinin içməli su ilə təminatına, eləcə də kanalizasiya xidmətlərindən istifadəsinə töhfələr verməkdədir. Bu gün imzalanan saziş çərçivəsində Ağcabədi şəhərinin su və kanalizasiya infrastrukturları yenidən qurulacaqdır”.

AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirib və həyata keçirilən layihələrin icrasından məmnunluğunu ifadə edib: “AİB-in Azərbaycanda maliyyələşdirdiyi layihələr son nəticədə əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Bu sahədə uğurlu əməkdaşlığa əsaslanaraq Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində bundan sonra da iştirak etməkdə maraqlıyıq”.

Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsinə əsasən, istehlakçıları dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 15 ədəd subartezian quyusu qazılacaq. Su mənbəyindən şəhərə 18,4 km uzunluğunda magistral su xətti çəkiləcək, ümumi tutumu 5000 kubmetr olan 4 ədəd su anbarı tikiləcək. Ağcabədi şəhərində 214 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 8500 ünvana birləşmə veriləcək.

Layihə çərçivəsində Ağcabədi şəhərinin kanalizasiya sistemləri də yenidən qurulacaq. Bu məqsədlə 197 km kanalizasiya şəbəkəsi yaradılacaq, 7800 ünvana kanalizasiya birləşməsi veriləcək. Tullantı sularının idarəedilməsi məqsədilə 8,1 km kanalizasiya kollektoru tikiləcək, nasos stansiyası quraşdırılacaq. Çirkab suların təmizlənib zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 20 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək.

Qeyd edək ki, Azərbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatıb. Həmin şəhərlərdə yeni su mənbələri yaradılıb, mövcud su və kanalizasiya şəbəkələri yenidən qurulub, abunəçilərin bir qismi smart-kart sayğaclarla təmin edilib və bu sahədə işlər davam etdirilir. Ağcabədi və Balakən şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına hazırlıq görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR