Bakıda IX “START” Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək

Bakıda IX “START” Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək
# 15 sentyabr 2014 09:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakıda IX “START” Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək.

Festivalın direktoru Fehruz Şamıyevin APA-ya verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək builki festivalda bir sıra yeniliklər olacaq.

Onun sözlərinə görə, ilk yenilik təşkilatçılar sırasına “Azərbaycanfilm” kinostudiyasının qoşulması olub: “Son iki ildə kinostudiya gənc kinematoqrafçıların yaradıcılığı ilə bağlı bir çox layihələr həyata keçirib. Düşünürəm ki, “START” Bakı Gənclərin Beynəlxalq Film Festivalına dəstək durması da məhz bu layihələrin davamıdır”.

F.Şamıyev bildirib ki, Qafqazın ən böyük qısametrajlı film yarışması olan “START”da bu ildən etibarən festivalın qaliblərinə “Qızıl NAR” mükafatı təqdim olunacaq: “Bu adda mükafatın təsis olunması digər mobil operatorları və sponsorları festivalın işindən uzaqlaşdıra bilər. Ona görə neçə illərdir qərar verməkdə çətinlik çəkirdik. Amma NAR bütün hallarda Azərbaycan məhsulu kimi ölkənin simvolu olaraq göstərilə bilər”.

Filmlərin qəbuluna yaxın günlərdə start veriləcək. Festivalda iştirak etmək istəyən ölkələr arasında Fransa, Rusiya, Almaniya, İran, Serbiya, İspaniya və s. ölkələr də var.

Qeyd edək ki, “START” Beynəlxalq Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Məqsəd kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR