İran Azərbaycanın peykindən istifadə etmək niyyətindədir

İran Azərbaycanın peykindən istifadə etmək niyyətindədir
# 14 oktyabr 2014 09:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını, əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanda qonşu İranla əlaqələrin genişlənməsinə xüsusi önəm verilir.

Ş. Mustafayev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini qeyd edib, bu ilin avqust ayında komissiyanın Bakıda keçirilmiş IX iclası çərçivəsində bir sıra sahələrdə əməkdaşlığın inkişafına dair razılıq əldə edildiyini diqqətə çatdırıb. Bank, ticarət, gömrük, kənd təsərrüfatı, turizm, rabitə və İKT və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Ş. Mustafayev Dövlət Komissiyasının həmsədri kimi radio-televiziya sahəsində də əlaqələrin genişləndirilməsinə hər cür dəstək göstəriləcəyini bildirib.

İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İ. Zərqami Azərbaycan peykindən istifadə edilməsi niyyətini bildirib. O, ölkəsinin rəqəmsal ötürücü stansiyalar istehsal etdiyini vurğulayaraq, bu ötürücülərdən Azərbaycanda da istifadə edilməsi təklifinin aidiyyəti qurumlara təqdim edildiyini diqqətə çatdırıb.

Görüşdə xalqlarımızın ənənələrinin, malik olduqları dəyərlərin qorunması və təbliğində televiziya və radionun əhəmiyyəti qeyd edilib, bu sahədə əməkdaşlığın faydalı olacağı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR