Azərbaycan banklarında qorunmayan əmanətlərin həcmi kəskin artıb

Azərbaycan banklarında qorunmayan əmanətlərin həcmi kəskin artıb
# 04 dekabr 2014 12:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2013-cü ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycanda qorunmayan əmanətlərin həcmi 59,4% artıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında qorunmayan əmanətlər 3,14 mlrd. manat təşkil edib ki, bu da ötən ilin III rübündəki göstəricidən 1,17 mlrd. manat çoxdur.

Hesabat dövründə qorunan əmanətlərin həcmində isə azalma qeydə alınıb. Belə ki, əgər 2013-cü ilin 9 ayında qorunan əmanətlərin həcmi 3,87 mlrd. manat təşkil edibsə, bu ilin eyni dövründə bu göstərici 3,42 mlrd. manat təşkil edib.

Qorunmayan əmanətlərin həcminin artmasına bir tərəfdən bankların qorunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək faizlə əmanət qəbulu ilə bağlı çağırışı səbəb olubsa, digər tərəfdən əhalinin riskə gedərək daha çox qazanc götürmək həvəsi də qorunan əmanətlərin həcminin azalmasına səbəb olub.

Qorunan əmanətlərin saxlandığı valyutanın strukturuna nəzər salanda məlum olur ki, əhali əmanətlərini manatda saxlamağa üstünlük veririr. Bu milli valyutanın xarici valyutalarla müqayisədə daha sabit olmasından irəli gəlir. Məhz bunun nəticəsidir ki, müqayisə olunan dövrdə manatla saxlanan əmanətlər üzrə 4%-lik artım qeydə alınıb. Dollarda saxlanan əmanətlər isə müvafiq olaraq 4% azalıb. Avroda saxlanan əmanətlər üzrə dəyişiklik qeydə alınmayıb. Başqa sözlə, bu ilin 9 ayında qorunan əmanətlərin 63%-i manatın, 33%-i ABŞ dollarının və 4%-i avronun payına düşübsə, ötən il bu göstərici müvafiq olaraq 59%, 37% və 4% təşkil edib.

Qeyd edək ki, ötən ilin 9 ayına nisbətən bu ilin yanvar-sentyabr aylarında fiziki şəxslərin cəmi əmanətləri 12,4% artaraq 6 mlrd. 556 mln. manat olmaqla ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil edib.

Təbii ki, hesabat dövründə əmanətçilərin sayında da 19,6%-lik artım müşahidə edilib. Əgər 2013-cü ilin oktyabrın 1-nə üzv banklar tərəfindən 5 306 497 əmanətçiyə xidmət göstərilib və onların da 4 899 375 nəfəri (93%) qorunan əmanətçi olubsa, bu ilin eyni dövründə 6 mln. 347 min əmanətçiyə xidmət göstərilib ki, onların da 5 mln. 745 min (90,5%) nəfəri qorunan əmanətçidir.

Bu ilin 9 ayının nəticələrinə əsasən qorunan əmanətçilərin 99,68%-nin (5 726 min nəfər) əmanəti 30 min manata qədərdir və 100% sığortalanır. Qorunan əmanətçilərin 0,32%-nin əmanəti qismən sığortalanır.

Fondun iştirakçısı olan bankların sayı 42-dir. Xatırladaq ki, bu ilin mayın 19-dan etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endirilib və bu tarixdən üzv banklarda illik 9%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir.

Sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR