Bakı. Vüsal Nəbiyev - APA-Economics. Manatın devalvasiyaya uğramasından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın "Bizzone" portalı məlumat yayıb.
Məlumata görə, bu azalma yeni il tətilində özünü qabarıq şəkildə göstərib.
Azərbaycanlıların qış mövsümündə ən çox üz tutduğu bölgələr Gürcüstanın dağ kurortu olan Bakuriani və Qdauridir.
Ənənəvi olaraq, qış kurortlarına səfər edənlərin 80-90%-i Azərbaycan vətəndaşları idi. Burada yerləşən otelləri də məhz Azərbaycandan olan turistlər doldururdu.
Bu il isə vəziyyət radikal şəkildə dəyişib.
"Bizim müştərilərimiz əsasən azərbaycanlılar idi, lakin indi onların Gürcüstana axını azalıb. İqtisadi çətinliklərlə əlaqədar azərbaycanlılar bura əvvəlki qədər gəlmirlər. Manatın 50%-lik devalvasiyasına görə, onların sayında ciddi azalma baş verdi və indi onların bu cür səfərləri üçün pulları qalmayıb", - deyə yerli otellərdən birinin rəhbəri qeyd edib.
Qeyd edək ki, normal şəraitli otel nömrələrində 1 nömrə 60-100 dollar, lüks nömrələr isə 200-300 dollar arası dəyişir.