“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
# 06 dekabr 2013 12:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Milli Məclisin Aqrar siyasət Komitəsinin iclası keçirilib.


APA-Economics”in məlumatına görə, komitə “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsini müzakirə edib. Qanun layihəsi Milli Məclisə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanaraq təqdim olunub.


Komitə sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsi Azərbaycanda insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) qeydiyyatı, mühafizəsi, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyir. O qeyd edib ki, bu gün Azərbaycanda yaşıllıqların mühafizəsi istiqamətində müəyyən boşluqlar var və bu qanun layihəsi onların aradan qaldırılmasını təmin edəcək. Qanun layihəsi yaşıllıqların qeydiyyatını da asanlaşdıracaq və onların hesabatını aparmasına kömək edəcək.


Şəhər və digər yaşayış məntəqələrindəki, ümumi istifadə sahələrindəki, istirahət və turizm zolaqlarındakı yaşıllıqlar, o cümlədən xüsusi funksiya yerinə yetirən yaşıllıqlar bu sənədin tətbiq dairəsinə şamil edilir. Əsas məqsəd yaşayış məntəqələrində yaşıllıq zonasını müəyyən etməyə xidmət edir. Yaşıllıların idarə olunmasında bələdiyyələrin, hüquqi və fiziki şəxslərin də üzərinə müəyyən məsuliyyət və vəzifələr qoyulur.


Layihəyə əsasən, dövlət ehtiyacları texnogen və təbii xarakterli fəlakətlər və onun nəticələrini aradan qaldırılması zamanı bu yaşıllıqların qırılmasına icazə verilə bilər. Yaşıllıqlara nəzarət edən qurumlar və onu müdafiə edən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət tərəfindən sığortalanır.


Sənəddə həmçinin yaşıllıqların salınması və mühafizəsi məqsədilə stimullaşdırma və maliyyələşdirmə də nəzərdə tutulur. Qanunvericiliyin pozulmasına görə isə məsuliyyət müəyyən edilir. Belə ki, bu qaydaları pozan təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.


Qanun layihəsinin qəbulunun əhəmiyyətini qeyd edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, aparılan məqsədyönlü fəaliyyət nəticəsində son 10 il ərzində Azərbaycanda yaşıllıq ərazilər 11,4%-dən 11,8%-dək artırılıb. Bu artım 0,4% təşkil etsə də, Azərbaycan kimi yaşıllığı az olan ölkə üçün çox əhəmiyyətli göstəricidir. Onun sözlərinə görə, yaşıllıqların 10,3%-i mühafizə edilir ki, bu ərazilərdə də 9 milli park fəaliyyət göstərir: “Ən böyük milli park - Şahdağ Milli Parkı 130 min kv. m əhatə edir ki, bu da Cənubi Qafqazda ən böyük parkdır”.


Nazir müavini əlavə edib ki, son 3-4 ildə Azərbaycanda 3 mln-dan artıq ağac əkilib: “Yaşıllaşdırma aparılmasına görə dünyanın 132 ölkəsi arasında Latviyadan sonra 2-ci yeri tuturuq”.


Aidiyyəti qurumların nümayəndələri qanunla bağlı öz tövsiyə və təkliflərini veriblər. Sonda qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR