Yaqub Mahmudov: “Azərbaycan bir dəfə ermənilərə dövlət yaratmaq hüququ verib, ikinci erməni dövləti ola bilməz”

Yaqub Mahmudov: “Azərbaycan bir dəfə ermənilərə dövlət yaratmaq hüququ verib, ikinci erməni dövləti ola bilməz”
# 25 may 2016 11:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Elmi həqiqət ondan ibarətdir ki, bir dəfə ərazimizdə ermənilərə dövlət yaratmaq hüququ vermişik, ikinci erməni dövləti – özü də Qarabağda - ola bilməz”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. O bildirib ki, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti İrəvan və ətrafında 9 min kvadrat metr ərazini ermənilərə güzəştə gedib. Bununla da Cənubi Qafqazda Ermənistan dövləti yaranıb. Bunu səhv addım hesab edən tarixçi alimin fikrincə, bəyanat verilməliydi ki, dövlət beynəlxalq təzyiqlər nəticəsində müvəqqəti olaraq öz torpaqlarından əl çəkməyə məcburdur: “Amma bu torpaqlar Azərbaycana məxsusdur. Mənim fikrimcə, bizim o torpaqlara varislik hüququmuz qüvvədədir. İrəvan şəhərini verərkən şərtlər qoyulmuşdu və bunlar ermənilərin fransız dilində Osmanlı imperiyası ilə bağladığı müqavilədə əksini tapıb. Onlar söz vermişdilər ki, soyqırım həyata keçirməyəcəklər, bir daha ərazi iddiaları irəli sürməyəcəklər, xalqımız köçüb gələn ermənilərlə bərabər hüquqlara malik olacaq. Ancaq sözlərinə əməl etmədilər. Təkcə İrəvan qalasında 8 məscid vardı, indi onlar yoxdur. Yalnız Göy Məscidin bir parçasını təmir edərək İrana icarəyə veriblər”.

Y. Mahmudov əlavə edib ki, Azərbaycan tarixi yenidən araşdırılır, yazılır. Onun sözlərinə görə, Azərbaycanın tarixi yalnız indiki Azərbaycan Respublikasının ərazisi çərçivəsində düşünülməməlidir. Tarixçi alim qeyd edib ki, müxtəlif dövrlərdə Azərbaycan xalqı imperiyalar yaradıb: “O tarixə sahib çıxmalıyıq. Xüsusilə İrəvan xanlığının tarixi araşdırılmalıdır. Çox təəssüf ki, Azərbaycan tarixinə keçmiş İrəvan xanlığının ərazisi, bugünkü Ermənistan adlanan dövlətin ərazisi daxil edilməyib. Ona görə də bura 180-200 il əvvəl köçürülüb gətirilən ermənilər o torpağa sahib çıxıb və bütün dünyaya bəyan ediblər ki, guya onlar bu yerlərin aborigen əhalisidir, biz isə Altaydan köçüb gəlməyik. Bizim tariximiz amansızcasına təhrif olunub. Tarix İnstitutunda aparılan axtarışlar, tədqiqatlar nəticəsində xüsusilə dövlət başçısının təşəbbüsü ilə “İrəvan xanlığı”, “Qarabağın tarixi” kimi kitabların yazılması nəticəsində dünya miqyasında sübuta yetirmişik ki, əksinə, biz bu yerlərin aborigen əhalisiyik, ermənilər isə bura 200 il əvvəl köçürülüb. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Tarixinə sahib çıxmayan xalq isə gec-tez başqalarına yem olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR