Bob Bləkman: “Ümidvaram ki, tezliklə Qarabağ atları da məcburi köçkünlərlə birlikdə öz yurdlarına qayıda biləcək"

Bob Bləkman: “Ümidvaram ki,  tezliklə Qarabağ atları da məcburi köçkünlərlə birlikdə öz yurdlarına qayıda biləcək"
# 14 may 2016 22:05 (UTC +04:00)

Bakı-APA. Əlahəzrət Kraliça II Yelizavetanın 90 illik yubileyi münasibətilə Vindzor Qəsrində keçirilən Kral Vindzor At Şousu davam edir. Vindzor Şousunda Azərbaycanın iştirakı Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) ilə birgə əməkdaşlığı şəraitində baş tutub.

TEAS-dan APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanı Qarabağ cinsindən olan 15 at təmsil edir. Məharətli azərbaycanlı çaparların yadda qalan akrobatik şou nömrələri və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları tamaşaçıların rəğbətini qazanıb.

Vindzorda Azərbaycan mədəniyyəti pavilyonu da təşkil edilib. Pavilyonda samovar çayı, paxlava, kitablar və CD diskləri paylanılır, canlı musiqi səsləndirilir. Azərbaycan mədəniyyətinin təqdimatı məşhur tar ifaçısı Rafiq Rüstəmov və Azərbaycan əsilli britaniyalı muğənni Fidan Hacıyevanın ifası ilə müşayiət olunur. F.Haçıyeva “BBC Promenad Konsertləri”nin iştirakçısı olub və BBC Radio 3 "World Routes Academy" proqramının mükafatçısıdır.

Mədəniyyət pavilyonunun mühiti vasitəsilə yüzlərlə britaniyalı və dünyanın müxtəlif yerlərindən gələn at həvəskarları Azərbaycan və Dağlıq Qarabağ haqqında müfəssəl məlumatlar əldə edirlər.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, Qarabağ atlarının Kral Vindzor At Shousunda iştirakı çox əlamətdar bir hadisədir: “Yüz minlərlə azərbaycanlı kimi atlar da Dağlıq Qarabağ erməni hərbi qüvvələri tərəfindən zəbt ediləndən sonra məcburi köçkün olublar. Mən əminəm ki, atlar elə məcburi köçkün insanlar kimi də öz qədim ata-baba torpaqlarına qayıtmaq həsrətindədirlər”.

Qeyd edək ki, millət vəkili, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman də tədbirdə iştirak edib. O deyib: "Mən də Kraliçanın 90 illik yubileyinin qeyd edildiyi Kral Vindzor At Şousunda iştirak etmək şərəfinə nail oldum. Bayramın bir hissəsi olaraq Azərbaycan şouda əzəmətli Qarabağ atları ilə təmsil olunur. Onların çıxışı çox gözəl, olduqca rəngarəng oldu. Tamaşaçılarda yaxşı təəssürat bağışladılar. Hazırda bu əzəmətli məxluqların öz doğma torpaqlarından uzaq düşdüklərini təsəvvür etmək çox kədərlidir. Ümidvaram ki, tezliklə onlar da məcburi köçkünlərlə birlikdə öz evlərinə qayıda biləcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR