Dağıstanın Avar musiqili dram teatrı və Dövlət mahnı, rəqs ansamblı Zaqatalada çıxış edib

Dağıstanın Avar musiqili dram teatrı və Dövlət mahnı, rəqs ansamblı Zaqatalada çıxış edib
# 12 may 2016 08:21 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Dağıstanın Həmzəd Tsadasa adına Mahaçkala Avar musiqili dram teatrı və Dağıstan Dövlət mahnı, rəqs ansamblı Zaqatala rayonunda konsert proqramı ilə çıxış ediblər. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, konsert Azərbaycanda ilk dəfə keçirilən Dağıstan Mədəniyyət Günləri çərçivəsində baş tutub.

Dağıstan baş nazirinin müavini Ramazan Əliyev və başqa səlahiyyətli nümayəndələrin də qatıldığı konsert proqramından öncə qonaqlara Azərbaycan, eləcədə Zaqatala rayonu haqqında məlumat verilib. Bildirilib ki, 20-dən çox millətin nümayəndəsinin əsrlər boyu dost, qardaşlıq şəraitində yaşadığı Zaqatala rayonu Azərbaycan multikulturalizmin və tolerantlığın bariz nümunəsidir.

Mahaçkala Avar musiqili dram teatrının rəhbəri Maqamedrasul Maqamedrasulov da Azərbaycanda, eləcə də Zaqatalada onlara göstərilən doğma münasibət üçün minnətdarlığını bildirib, dostluq və qardaşlıq simvolu sayılan hədiyyəni rayon rəhbərliyinə təqdim edib.

Zaqatalanın bir qrup mədəniyyət işçisi qonaqlar tərəfindən fəxri fərmanlarla təltif edilib.

Sonda qonaqlara Zaqatala Rayon İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olunub.

Teatr kollektivi və ansambl üzvləri mayın 12-də Balakən rayonunda olacaqlar.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 12-13 tarixlərində Azərbaycanda Dağıstan mədəniyyət günləri keçirilir. Mədəniyyət günləri çərçivəsində Dağıstanda fəaliyyət göstərən teatrların kollektivlərinin paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Qusar rayonlarında da çıxışları nəzərdə tutulub.

Dağıstan mədəniyyəti günlərinin keçirilməsində əsas məqsəd qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanımasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR