AMEA İctimai Elmlər Bölməsinin nəzdində Xalçaşünaslıq sektoru yaradılır

AMEA İctimai Elmlər Bölməsinin nəzdində Xalçaşünaslıq sektoru yaradılır
# 23 iyun 2016 14:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyunun 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti iclası keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirib ki, gündəlikdə yer alan ilk məsələ İEB-in nəzdində Xalçaşünaslıq sektorunun yaradılmasıdır.

N.Axundova qeyd edib ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik olan xalçaçılıq sənətinin hərtərəfli şəkildə praktik və nəzəri materiallar əsasında araşdırılması, Azərbaycan boyaqçılıq tarixini və adətlərini, bu ənənələrin müasir tətbiq perspektivlərini, eləcə də Azərbaycan xalçaçılığının digər türk xalqlarının xalçaçılıq ənənələri ilə müqayisəli şəkildə öyrənilməsi vacib məsələlərdəndir. Bu kimi məsələlərin araşdırılmasını nəzərə alaraq bölmənin nəzdində Xalçaşünaslıq sektorunun yaradılması zərurəti ortaya çıxıb. Tarix üzrə fəlsəfə doktoru Vidadi Muradovun rəhbərlik etdiyi “Azər-İlmə” MMC elmi tədqiqat laboratoriyası kimi İEB-in Xalçaşünaslıq sektoru üçün əsas baza hesab edilib.

İclasda, həmçinin AMEA-nın bir sıra elmi müəssisələrinin əməkdaşlarının Elm Tarixi və Qafqazşünaslıq institutlarına keçirilməsi, akademik Aslan Aslanovun anadan olmasının 90, AMEA-nın müxbir üzvü Vəli Əliyevin 80 illik yubileylərinin qeyd olunması, Şərqşünaslıq İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələlərinə də baxılıb. Sonda bir sıra kadr məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR